Qitə gözləmədə, "məsləhətli" dərmanları isə saxlamağa şərait yoxdur

Eyni zamanda, bölgədəki 40 ölkədə lazımi maliyyənin, vəziyyəti izləyən vasitələrin və bütün yerli icmalara peyvəndlər çatdırmaq imkanlarının olmaması narahatlığı var.
Sputnik

BAKI, 27 noyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı Afrikanın hələ COVID-19 peyvəndinə hazır olmadığını qeyd edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ÜST qitə ölkələrinin logistika və maliyyələşdirmə ilə əlaqədar mühüm problemləri olduğunu, beynəlxalq dəstəyə ehtiyac duyduğunu qeyd edib.

ÜST-ün məlumatına görə, Afrika ölkələrinin yalnız üçdə biri koronavirus peyvənd kampaniyasına hazırdır. Qurumun Afrika üzrə direktoru Maçidiso Moeti bildirib ki, logistika və maliyyələşdirmə ilə bağlı əsas problemlər var və bunun üçün beynəlxalq həmrəylik lazımdır.

Onun sözlərinə görə, hələ ki, hədəf 2021-ci ilin mart ayına qədər afrikalıların 3 faizini, 2021-ci ilin sonuna qədər isə 20 faizini peyvəndləməkdir.

Eyni zamanda, bölgədəki 40 ölkədə lazımi maliyyənin, vəziyyəti izləyən vasitələrin və bütün yerli icmalara peyvəndlər çatdırmaq imkanlarının olmaması narahatlığı var.

ÜST sınaqlar zamanı 95 faiz effektivlik göstərmiş "Pfizer" və "BioNTech" şirkətlərinin istehsalı olan peyvəndi məsləhət görür. Ancaq dərman mənfi 70o C-də saxlanılmalıdır. Afrikadakı əksər xəstəxanalar üçün belə saxlama şərtləri mövcud deyil.

ÜST Afrika ölkələrini "qitədə indiyə qədər edilən ən böyük peyvəndləmə" hazırlıqlarını sürətləndirməyə çağırıb.