RUSİYA

Rus alimlərindən koronavirus peyvəndi istehsal edən "AstraZeneca"ya qəribə təklif

Bu həftənin əvvəlində "Sputnik-V" koronavirus peyvəndinin üçüncü mərhələ klinik sınaqlarının nəticələri açıqlanıb
Sputnik

BAKI, 27 noyabr — Sputnik. Dünyada koronavirus xəstələrinin sayı artdıqca bu azara yoluxmanın qarşısını almağa kömək edən peyvənd istehsalı sahəsində rəqabət də qızışır. Bu günlərdə Böyük Britaniyanın "AstraZeneca" ("Oxford") peyvəndinin təhlükəsizliyi ilə bağlı problem olduğu üzə çıxdı. Şirkətin rəhbərliyi peyvəndin dozası ilə bağlı yanlışlığa yol verildiyini etiraf edərək bu səhvin aradan qaldırılması üçün kliniki tədqiqatları davam etdirəcəklərini bildirdi.

Koronavirus peyvəndi nə işə yarayacaq?

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı məlumata görə, koronavirus üzərində 95 faiz təsirli olan "Sputnik-V" peyvəndinin sahibi Rusiya "AstraZeneca"ya vaksinləri qarışdırmağı təklif edib. "Sputnik-V" peyvəndinin yaradıcıları sosial media vasitəsilə "AstraZeneca" alimlərinə müraciət edərək "Yeni kliniki tədqiqatlar zamanı peyvəndinizin təsirini artırmaq istəyirsinizsə, onu rus vaksini ilə qarışdırın. Hər iki ölkədə adenoviral vektor peyvəndi hazırlanır, bu vaksinlərin qarışdırılması daha güclü nəticə əldə etməyə imkan verər", - deyə bildiriblər.

Qeyd edək ki, bu həftənin əvvəlində "Sputnik-V" koronavirus peyvəndinin üçüncü mərhələ klinik sınaqlarının nəticələri açıqlanıb. Həmin nəticələrə görə, nəzərdə tutulduğu kimi, peyvəndin ayrı-ayrılıqda iki dozasının tətbiq olunduğu 18 min 794 pasiyentdə 28-ci gün 91,4, 42-ci gün isə 95 faiz təsirli olduğu üzə çıxıb.

"AstraZeneca" ("Oxford") şirkəti isə istehsal etdiyi peyvəndin sadəcə 70 faiz təsirli olduğunu etiraf edib. Əslində isə klinik tədqiqatlarına yarısı İngiltərədən, yarısı isə Braziliyadan olmaqla 20 mindən çox könüllünün qatıldığı "Oxford" peyvəndinin ən yüksək dozada belə cəmi 62 faiz təsirli olduğu üzə çıxıb. Bundan başqa, "AstraZeneca" İngiltərədəki 3 minə yaxın könüllüyə səhvən yarım doza peyvəndin tətbiq olunduğunu etiraf edib.

Daha bir koronavirus peyvəndi olan BioNTech şirkətinin "Pfizer" peyvəndini isə mənfi 70 dərəcə temperaturda saxlamaq tələb olunduğundan bu vaksin bir o qədər də əlverişli hesab edilmir.