SƏHİYYƏ

Əl-qolunu sallayıb küçədə dolaşan COVID xəstələri - Onlardan necə qurtulaq?

"Hər hansı koronavirus xəstəsinin gündəlik tələbatının ödənilməsi üçün onlara sosial xidmət işçiləri ayrılmır. Belə şəxslərə gündəlik çörək, dərman almaq üçün onlar yaxın qohumlarına müraciət edə bilərlər”
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan 

BAKI, 27 noyabr — Sputnik. Son günlər koronavirus xəstələrinin evdən çıxaraq ictimai yerlərdə dolaşması hallarına tez-tez rast gəlinir. Hüquq mühafizə orqanları hər gün bu koronavirus xəstələrinə cinayət işinin açıldığına dair məlumatlar yayır. Bu gün Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 3 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon sakinləri Sahib Mehdiyev, Laçın Kərimov və Əkbər Əkbərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib. Əkbər Əkbərov və Sahib Mehdiyev şəhər ərazisində, Laçın Kərimov isə karantin rejimi ilə əlaqədar yaradılmış stasionar postlardan birindən keçmək istəyərkən saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar. Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

Sputnik Azərbaycan koronavirus xəstələrinin evi tərk etmə səbəbləri, onların bu virusu yayma təhlükəsi, eləcə də evdə müalicə olunan koronavirus xəstələrinə sosial xidmət məsələlərini araşdırıb.

Məsələn, bu günlərdə rayonların birində evi tərk edərək ət satışı mağazasına gedən koronavirus xəstəsinin buna məcbur olduğu, ailəsində işləyən şəxsin tək özü olduğuna dair sosial şəbəkələrdə məlumat yayılıb. Bəzi xəstələr isə evdən çıxma səbəblərini zəruri ehtiyaclarını ödəmələri ilə izah edirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus xəstələrinə sosial xidmətin göstərilməsi Sosial Xidmət haqqında qanunda öz əksini tapmayıb: “Bu gün sosial xidmət qanuna əsasən ahıl tənha və əlil şəxslərə göstərilir. Hər hansı koronavirus xəstəsinin gündəlik tələbatının ödənilməsi üçün onlara sosial xidmət işçiləri ayrılmır. Belə şəxslərə gündəlik çörək, dərman almaq üçün onlar yaxın qohumlarına müraciət edə bilərlər”.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, evi qanunsuz tərk edən koronavirus xəstələri əsasən Bakı sakinləridir. Onlara qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür. Həmin şəxslər müalicə aldıqları məkana qaytarılır.

Xaçmazda COVID-19 xəstəsi saxlanılıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, evdə müalicə alan bütün koronavirus xəstələrinə TƏBİB tərəfindən nəzarət edilmir: “Amma polis tərəfindən zəng edilərək evi tərk etməmələri barədə xəbərdarlıq edilir. Mən və həyat yoldaşım da koronavirusa yoluxmuşuq. Hazırda evdə müalicə alırıq. Bizə polis zəng edərək evdən çıxmamaq barədə xəbərdarlıq edib. Hər gün zəng edərək evdə olub-olmamağımızı yoxlayırlar. Hətta biz koronavirus xəstəsi olaraq izlənirik. Bu virusa yoluxan şəxslər evi tərk etməmək barədə tapşırıq alırlar. Amma özləri də məsuliyyət hiss etməli, evdən çıxdıqları halda ətrafdakı insanları bu virusa yoluxdura biləcəklərini dərk etməlidirlər”.

Qeyd edək ki, bəzən evdə müalicə alan koronavirus xəstələri xəstəliyi yüngül keçirdiklərinə arxayın olaraq evdən çıxırlar. Ekspertlər isə COVID-19 xəstəliyi diaqnozu qoyulan hər bir şəxsin bu virusu yayma təhlükəsi olduğunu söyləyirlər.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, evdə müalicə olunan koronavirus xəstələri xəstəliyi yüngül keçirdiklərinə arxayın olmamalıdırlar: “Ola bilər ki, hər hansı şəxsin immun sistemi güclü olduğundan o, xəstəliyi yüngül keçirir. Amma bu onların virusu yaymaq riskinin olmadığına əsas vermir. Onlar yaşlı, yanaşı xəstəlikləri olan şəxslərlə təmasda olarkən həmin şəxslərin həyatını riskə atmış olurlar. COVID-19 xəstəliyini yüngül keçirən şəxslərin evdə müalicə alması tibb müəssisələrinin çox məşğul edilməməsi, ağır xəstələrə xəstəxanada müalicə imkanı yaratmaq məqsədi daşıyır. Amma evdə müalicə alan şəxslər də karantin dövründə təcrid olunmalı, virusu yaymaq riskləri olduğundan evi tərk etməməlidirlər. Təsadüfi deyil ki, koronavirusa yoluxmuş şəxslərin evləri də virus ocaqları sayılır. Belə şəxslərin evinə girib-çıxmaq olmaz. Yalnız sanitariya qurumları həmin mənzillərə xüsusi geyimlə daxil olaraq dezinfeksiya işləri aparırlar. Ona görə də, evdə müalicə olunan koronavirus xəstələrinə cinayət işinin açılması doğru addımdır. Həmin xəstələr öz məsuliyyətlərini dərk etməli, virusu yayma təhlükələrinin olduğunu anlayaraq özlərini karantin dövründə təcrid etməlidirlər”.