Ermənistan Baş Qərargahı: Azərbaycan hərbçiləri sərhədi keçməyib

Xaçatryan izah edib ki, Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə keçəndən sonra iki ölkə arasında sərhəd Zod yatağının ortasından keçir.
Sputnik

BAKI, 27 noyabr — Sputnik. Azərbaycan hərbçiləri Ermənistanla sərhədi keçməyib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan bildirib.

"Ermənistanla sərhədi (Azərbaycan hərbçiləri – red.) keçməyiblər", - deyə Xaçatryan qeyd edib.

O, izah edib ki, Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə keçəndən sonra iki ölkə arasında sərhəd Zod yatağının ortasından keçir.

Qeyd edək ki, ötən gün Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.