Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 26 noyabr — Sputnik. Fransa Senatının Dağlıq Qarabağa dair ötən gün qəbul etdiyi qərar beynəlxalq hüququn ən təməl prinsiplərinə ziddir. Qərarda Türkiyə ilə bağlı əsassız iddiaları tamamilə rədd edirik. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatda bildirilir.
"Fransa Senatının bu qərarı tərəfsiz olmalı olduğu həmsədr ölkə kimi ATƏT-in Minsk Qrupunun bu günə qədər bu məsələni niyə həll etmədiyinin, necə tərəf tutmasının bariz göstəricisidir. Ermənistanın öncə Tovuzda, sonra isə Dağlıq Qarabağda sərgilədiyi təcavüz və təxribatlardan sonra Azərbaycan lazımi cavabı verdi və 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi. Fransa Senatının Azərbaycanı işğaldan azad etdiyi ərazilərdən çəkilməyə çağırması gülünc, qərəzli və qeyri-real anlaşmanın təzahürüdür.
Ağıllı düşüncədən məhrum olan və heç bir ağlabatan səbəb ilə izah edilə bilməyən bu qərar Fransanın məsələnin həllinə həqiqi mənada qatqı təmin etməsini də məhdudlaşdırır. 30 ilə yaxındır davam edən Azərbaycan-Ermənistan münaqişəsində gəlinən mərhələdə, ümid edirik ki, Fransa düzgün nəticələr çıxarmaqla bölgənin sabitliyi üçün konstruktiv münasibət göstərəcək. Bunun üçün mövcud həqiqətlərə əsaslanan, beynəlxalq hüquqa uyğun qalıcı bir həll yolu tapmaq üçün səy göstərməyiniz kifayət edəcək. Türkiyə, öz yaxınlığında illərdir davam edən münaqişənin regional sülh və sabitliyə töhfə verəcək həllinə nail olmaq üçün digər tərəfdaşları kimi Fransa ilə də çalışmağa hazırdır", - deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.
Sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.
Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin "Dağlıq Qarabağın müstəqilliyi"ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda verir.
Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.
Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.
Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: "Dağlıq Qarabağ münaqişəsinin həlli təktərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar".