SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisin Fransaya etiraz bəyanatının TAM MƏTNİ

"Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Milli Məclisin bugünkü plenar iclasında qəbul olunmuş bəyanatın tam mətni yayılıb.

Sputnik Azərbaycan bəyanatı təqdim edir.

"Fransada fəaliyyət göstərən ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bəyan edir:

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 1988–1994-cü illərdə işğal edilmiş ərazilərində qeyri-qanuni yaradılan və heç bir dövlət tərəfindən tanınmayan "Dağlıq Qarabağ respublikası" adlı oyuncaq qurumun mövcudluğuna 2020-ci ilin noyabr ayında son qoyulmuşdur;

"Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz"

Fransa Senatı tərəfindən bu oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa Hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdidir;

Fransa Senatının bu addımı Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır;

Sözügedən qətnamənin müddəalarının həyata keçirilməsi Avropa İttifaqına və onun Şərq Tərəfdaşlığı proqramına sarsıdıcı zərbə vurmaq potensialı daşıyır;

Cənubi Qafqazın və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri sülh danışıqlarında beynəlxalq vasitəçi rolunu oynamış dövlətlərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması olmuşdur;

Cənubi Qafqaz regionunda qeyri-sabitliyin davam etməsində maraqlı olan xarici qüvvələrin dəstəyindən cəsarətlənən, sülh danışıqlarını birdəfəlik pozmaq və Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək istəyən Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribata əl atmış, lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququndan istifadə edən Azərbaycanın həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatı təcavüzkar Ermənistanı sülhə məcbur etmişdir;

Fransa Senatının qətnaməsində Azərbaycan tərəfindən əks-hücum əməliyyatında Türkiyə silahlı qüvvələrinin iştirak etdiyinə və Yaxın Şərqin bəzi münaqişəli bölgələrindən muzdluların Ermənistana qarşı istifadə olunduğuna, Dağlıq Qarabağda mülki əhaliyə qarşı müharibə cinayətləri törədildiyinə dair əsassız və saxta iddialar irəli sürülmüş, lakin bu iddialarla bağlı heç bir dəlil göstərilməmişdir;

Bununla belə, Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdlu dəstələrin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə, Azərbaycanın hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrində dinc əhaliyə və mülki obyektlərə qarşı ağır müharibə cinayətləri törədildiyinə dair təkzibedilməz faktlar mövcuddur;

Bakıdakı Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO

Ermənistan silahlı qüvvələri 1992–1994-cü illərdə Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində də dinc azərbaycanlılara qarşı bir sıra qətliamlar, o cümlədən XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törətmişlər;

Özünü insan hüquqlarına və demokratik dəyərlərə hörmətin "nümunəsi" sayan Fransa Respublikası dinc azərbaycanlılara qarşı bu cinayətlər qarşısında səssiz qalmağa üstünlük vermişdir;

Müstəmləkə hakimiyyəti dövründə Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərcə dinc sakini kütləvi surətdə qətlə yetirmişlər. Törədilmiş soyqırım cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara bir ləkədir;

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yol açmışdır;

Bu üçtərəfli bəyanat beynəlxalq hüquq normalarının və prinsiplərinin üstünlüyünü bərqərar etmiş, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Fransa Respublikasının özünün də dəstəklədiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamənin, eləcə də Avropa İttifaqının və Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər mötəbər beynəlxalq qurumların ayrı-ayrı illərdə qəbul etdikləri sənədlərin icrasını təmin etmişdir.

Türkiyədən Qarabağla bağlı Fransaya sərt təpki: "Ağıllı düşüncədən məhrum qərar..."

Azərbaycan Respublikasının Milli Məclisi Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli səyləri nəticəsində yaradılmış yeni reallıqların bütün beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Fransa Respublikası tərəfindən qəbul edilməli olduğunu vurğulayır, bu reallıqların bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə tərəfindən dəstəkləndiyini və Ermənistan tərəfindən qəbul edildiyini xatırladır və yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakılarla bağlı çağırış edir:

1. Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin;

2. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın;

3. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlər görülsün".