İQTİSADİYYAT

Polietilen torbalar və plastik məmulatların satışı qadağan ediləcək

Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qab-qacağın sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması, verilməsi qadağan edilir.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda gələn ildən polietilen torbalar və plastik məmulatların satışı qadağan ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qeyd edilib ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"na əsasən hazırlanıb. Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır.

Pullu polietilen torbalar gəlir – Qərar razılaşdırılma mərhələsindədir

Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.

Bu Qanunun müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

İclasda həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə edilib. Təklif olunan dəyişikliklər "Ətraf mühitin mühafizəsi haqqında" qanun layihəsinə edilən dəyişikliklərə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi ilə bağlı müddəaların pozulmasına görə inzibati məsuliyyət hallarını özündə ehtiva edir.

Hər iki dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq sonuncu oxunuşda qəbul edilib.