QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kəlbəcərdə Azərbaycanla sərhəddə qapılar müvəqqəti qoyulub - Ermənistan Müdafiə Nazirliyi

Demarkasiya işlərindən sonra Azərbaycan və Ermənistan Silahlı Qüvvələri xidmət aparacaqları öz hərbi bazalarını müəyyən olunmuş sərhədlərdə yerləşdirəcəklər.
Sputnik

BAKI, 26 noyabr - Sputnik. Ermənistan Müdafiə Nazirliyi Kəlbəcərdəki Zod qızıl yatağı ətrafında baş verən məsələlərə aydınlıq gətirib.

Sputnik Ermənistan xəbər verir ki, Azərbaycan, Rusiya və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan-Ermənistan sərhədində xüsusi vasitələrdən (GPS) istifadə etməklə demarkasiya işlərinə başlayıblar.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bir qədər əvvəl sosial şəbəkələrdə işğaldan azad olunmuş Kəlbəcər rayonuna daxil olan Azərbaycan hərbçilərinin erməni hərbçiləri ilə üz-üzə gəlməsi barədə videogörüntülər yerləşdirilib.

Orada qeyd olunub ki, qızıl yatağı ərazisinə gələn Azərbaycan hərbçiləri ermənilərdən oranı tərk etmələrini tələb ediblər. Ancaq sonradan Ermənistan MN bu məlumatı təkzib edib.

Ermənistan Müdafiə Nazirliyi demarkasiya işlərinin bir hissəsinin Zod qızıl mədəninin ərazisində aparıldığını qeyd edib.

“Bu və ya digər hissəsində sərhədlərin tam və dəqiq şəkildə demarkasiyası sərhədin bu və ya digər hissəsinə olan iddialarla bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından son dərəcə vacibdir”, - nazirliyin məlumatında deyilir.

Demarkasiya işlərindən sonra Azərbaycan və Ermənistan Silahlı Qüvvələri xidmət aparacaqları öz hərbi bazalarını müəyyən olunmuş sərhədlərdə yerləşdirəcəklər.

EMN xatırladıb ki, sərhədlər demarkasiya olunmazdan əvvəl Ermənistan ərazisindən Azərbaycanın Kəlbəcər rayonuna və əks istiqamətdə hərəkətin dayandırılması üçün müvəqqəti qapılar quraşdırılıb.