BAKI, 25 noyabr — Sputnik. Amerikalı aktyor Corc Kluni GQ jurnalına müsahibəsi zamanı "Ouşenin 12 dostu" filminin çəkilişləri zamanı baş verən kuryoz hadisədən danışıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, filmin bəzi hissələri aktyorun bir neçə il yaşadığı İtaliyada, Komoda çəkilib. Onun sözlərinə görə, filmdə rol alan Bred Pitt şəhərə Kluni ilə "xüsusi" davranmağa çağıran vərəqələr yerləşdirərək, yerli sakinlərə mesaj verib.
"Xahiş edirəm, Corc Kluni ilə filmdəki Denni Ouşen kimi davranın və onun gözlərinə baxmayın", - divara yapışdırılmış məktublarda yazılıb.
Bu zaman həmin mesaja yerli KİV xüsusi reaksiya göstərib.
"Qəzetlər yazırdı: Şeytan! Corc Kluni şeytandır!"- deyən aktyor bildirib ki, o, bundan sonra Bred Pittdən qisasını alıb.
Xatırladaq ki, rejissor Stiven Soderberqin çəkdiyi "Ouşenin 12 dostu" filmi 2004-cü illərdə ekranlaşdırılıb.
Filmdə Corc Kluni və Bred Pittlə yanaşı, Mett Deymon, Ketrin Zeta-Cons, Culya Roberts, Vensan Kassel rol alıblar.