SƏHİYYƏ

Hansı amillər koronavirus testinin nəticəsinə təsir göstərə bilər?

"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", –  virusoloq xəbərdarlıq edir.
Sputnik

BAKI, 24 noyabr — Sputnik. Mütəxəssislər koronavirus üçün test verərkən yanılma riskini azaltmaq üçün hansı qaydalara riayət etmək lazım gəldiyini açıqlayıblar. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla yaydığı məlumata görə, yüksək kateqoriyalı terapevt Tatyana Romanenko bildirib ki, koronavirus testini acqarına vermək və prosesdən əvvəl ağzı antiseptik məhlulla yaxalamaq lazımdır.

"Əgər burundan yaxma götürüləcəksə, bəzi qaydalara riayət etməyə ehtiyac var: yaxma burun keçidlərindən götürüldüyü üçün, məsələn, əgər pasiyent testdən əvvəl burnunu təmizləyibsə və ya yuyubsa, onda dəqiq nəticə əldə etmək mümkün deyil", – deyə mütəxəssis bildirib.

Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Qalina Kojevnikova isə qeyd edib ki, pasiyentin başqa davranışları da testin nəticəsinin səhv olmasına gətirib çıxara bilər.

"Pasiyent üç saat ərzində nə su içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır", – deyə virusoloq xəbərdarlıq edib.

Biologiya elmləri doktoru, professor Aleksey Aqranovski isə bildirib ki, testin nəticəsinə nümunələrin özünün hazırlanma keyfiyyəti də təsir göstərə bilər.