SƏHİYYƏ

Bakı və Sumqayıtda antibiotiklərlə bağlı məlumatlılığın səviyyəsi öyrəniləcək

Pandemiya dövründə antibiotiklərdən yanlış istifadənin artması antimikrob preparatlara davamlılığı gücləndirə və ehtiyacı olan şəxslərin bu dərmanlardan məhrum olmasına gətirib çıxara biləcək.
Sputnik

BAKI, 24 noyabr — Sputnik. 18-24 noyabr tarixində keçirilən Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi COVID-19 pandemiyası dövründə daha böyük əhəmiyyət kəsb edir. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Antimikrob preparatlara davamlılıqla bağlı müzakirə aparmaq və antibiotiklərin düzgün istifadəsi barədə məlumatlılığı artırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi Səhiyyə Nazirliyi, TƏBİB və Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə brifinq təşkil edib.

Qeyd olunub ki, bu il üçün əsas diqqət COVID-19 pandemiyası dövründə antibiotiklərə davamlılıq böhranının dayandırılmasına yönəlib.

Bildirilib ki, pandemiya dövründə antibiotiklərdən yanlış istifadənin artması antimikrob preparatlara davamlılığı gücləndirə və ehtiyacı olan şəxslərin bu dərmanlardan məhrum olmasına gətirib çıxara biləcək.

Bundan başqa, vurğulanıb ki, bir ay ərzində Bakı və Sumqayıtda əhali arasında antibiotiklərlə bağlı məlumatlılığın səviyyəsini müəyyənləşdirmək üçün sorğu keçiriləcək.