QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır - deputat

Etibar Əliyev: "İşğaldan azad olunmuş rayonlarda modern peşə məktəblərinin açılmasına ciddi ehtiyac var. Ali məktəblərin plan yeri dolduqdan sonra yerdə qalan abituriyentlər peşə təhsilinə üz tuta bilərlər".
Sputnik

BAKI, 24 noyabr - Sputnik. Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Elm və təhsil Komitəsinin üzvü, deputat Etibar Əliyev söyləyib. O, bildirib ki, peşə təhsilində inkişaf, oyanış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaranandan sonra başlayıb.

Deputatın sözlərinə görə, hazırda peşə təhsilli kadrlara ciddi ehtiyac var. Həmçinin ixtisaslı peşə təhsilli kadrların hazırlanması üçün peşə məktəblərində maddi-texniki bazanın, infrastrukturun genişləndirilməsi zəruridir.

Azərbaycanda Koreya standartları əsasında peşə təhsili: Əlli yaşda da ora daxil olurlar

Etibar Əliyevin sözlərinə görə, regionlarda infrastrukturu, maddi-texniki bazası inkişaf etmiş peşə təhsili məktəblərinin yaradılması üçün ayrıca fəaliyyət planı hazırlanmalıdır:

“Biz Vətən müharibəsində qələbə çalmışıq. İşğaldan azad olunmuş rayonlarda modern peşə məktəblərinin açılmasına ciddi ehtiyac var. Ali məktəblərin plan yeri dolduqdan sonra yerdə qalan abituriyentlər peşə təhsilinə üz tuta bilərlər”.

Deputat təəssüflə bildirib ki, peşə təhsili ilə bağlı cəmiyyətimizdə bilgi azdır.

“Cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işləri aparılmaldır. Buna çox ciddi ehtiyac var. Tikinti infrastrukturunu əhatə edən sahələr üzrə, İKT sahəsində, elektronika, kənd təsərrüfatı sahəsində texnologiyalar gətirilməlidir ki, gənclər peşə təhsilinə meyl etsinlər".

Millət vəkili əlavə edib ki, bu gün söhbət ali təhsilli kadrlara tələbatın azalmasından getmir. Burada əsas məqam texnologiya dövrünün tələbləri ilə bağlıdır.

"Müasir avadanlıqları idarə etmək bacarığına malik peşə təhsilli kadrlar hazırlanmalıdır. Düşünürəm ki, regional peşə məktəblərinin yaradılması işğaldan azad olunmuş rayonlarımızın sakinləri üçün cəlbedici ola bilər”, - deyə E. Əliyev əlavə edib.

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.