CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan UNESCO və ICESCO-ya müraciət etdi

Bildirilib ki, tarixi və mədəni irsin dağıdılması müvafiq beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Sputnik

BAKI, 24 noyabr — Sputnik. Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO və ICESCO-nun baş direktorlarına müraciət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və bu günlərdə işğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın müəyyənləşdirlməsi ilə bağlı ilkin monitorinqin aparıldığı diqqətə çatdırılıb.

Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi, mədəni və dini abidələrinə vurulmuş ziyanla bağlı ilkin monitorinqin nəticələri qeyd olunub.

Bildirilib ki, tarixi və mədəni irsin dağıdılması müvafiq beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Müraciətdə qeyd olunur ki, Azərbaycanda tarixən mövcud olmuş multikultural və tolerant cəmiyyətin inkişaf etdirilməsi bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı yaşayır və Azərbaycanın ümumi tərəqqisinə öz töhfələrini verirlər. Çoxsaylı müsəlman icması ilə yanaşı, xristian və yəhudi dini icmaları da cəmiyyətimizin fəal hissəsidir və bu dinlərə məxsus abidələr, ibadət yerləri mənşəyindən asılı olmayaraq Azərbaycan dövləti tərəfindən mühafizə olunur, təmir və bərpa edilir.

Sonda işğaldan azad olunmuş ərazilərdə davam edən monitorinqin nəticələrinin hər iki təşkilatın rəhbərlərinə mütəmadi olaraq təqdim ediləcəyi bildirilib.