BAKI, 23 noyabr — Sputnik. "Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcəklər". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O qeyd edb ki, açıq havada maska taxmaq mütləq vacibdir. Bu, Nazirlər Kabinetinin qərarında qeyd olunub.
"Günü-gündən xəstəxanalarda koronavirus xəstələrinin sayı artır. Hər kəs zəhmət çəkib, maskadan istifadə etsin. Artıq açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnirlər", - E.Zahidov əlavə edib.
DİN-dən verilən izaha görə, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında açıq havada maskanı çıxarıb siqaret çəkmək, su içmək, qida qəbul etmək olmaz: “Amma parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək qadağan deyil. Lakin insanlara tövsiyə olunur ki, siqareti daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəksinlər. Küçədə, parkda insanlardan kənarda siqaret çəkənlər cərimə olunmurlar. Sadəcə öncədən yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır”.
Qeyd edək ki, ölkədə noyabrın 21-dən açıq havada maska taxmaq məcburidir. Qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilirlər.