CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bəzi peşə ixtisasları ixtisara düşür, onları yeniləri əvəz edir

Əmək bazarında müasir peşə sahələri üzrə ixtisaslı kadrlara tələbat gün-gündən artmaqdadır. Bəs Azərbaycanın müasir peşə təhsili sistemi müasir trendlərlə ayaqlaşmağa hazırdırmı?
Sputnik

BAKI, 23 noyabr - Sputnik. Bütün dünyada olduğu kimi, Azərbaycan da müasir texnologiyaların inkişafı ilə əlaqədar olaraq, artıq bir sıra peşələr tarixə qovuşmaqdadır. Lakin onların əvəzinə yeni ixtisas sahələri meydana gəlməkdədir. Əmək bazarında müasir peşə sahələri üzrə ixtisaslı kadrlara tələbat gün-gündən artmaqdadır. Bəs Azərbaycanın müasir peşə təhsili sistemi müasir trendlərlə ayaqlaşmağa hazırdırmı? Dünyada peşə təhsili sahəsindəki qabaqcıl innovasiyaları ölkəmizə gətirə bilmişikmi?

Bu suallarımızı cavablandıran Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov deyib ki, Azərbaycanda peşə təhsili sahəsində bəzi ənənəvi ixtisaslar ixtisar edilir.

Onun sözlərinə görə, həmin ixtisasların yerini əmək bazarında tələbat olan sahələr tutur:

“Bəzi ənənəvi ixtisaslar var ki, onlara ehtiyac yoxdur. Biz peşə təhsili müəssisələrinin proqramlarından həmin peşələri çıxardıb əvəzində yeni, əmək bazarında tələb olan ixtisasları salırıq”.

“Agentlik olaraq regional səviyyədə hər bir rayonda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq qururuq. Bu, peşə təhsili alan şəxslərin praktik biliyə nail olmasına imkan yaradır”, - deyən C. Kərəmov onu da bildirib ki, yüksək texniki peşə təhsili alan vətəndaşlar üç illik təhsildən sonra ali məktəblərə qəbul olmaq imkanı qazanırlar.

“Növbəti ildə daha 6 ixtisas üzrə yüksək texniki peşə istiqamətli proqramlar hazırlayırıq. Burada fərq ondan ibarətdir ki, yüksək peşə dərəcəsi üzrə təhsil alan şəxs fundamental biliklər əldə etdiyindən həm işə başlaya bilər, həmçinin də istəyinə görə ali təhsil ala bilər”, - deyə Kərəmov əlavə edib.

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.