CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda Koreya standartları əsasında peşə təhsili: Əlli yaşda da ora daxil olurlar

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov: “Məzunlarımız artıq müəyyən şirkətlərdə təcrübə proqramlarında iştirak edirlər, həmçinin  işlə təmin olunurlar”.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 noyabr - Sputnik. Azərbaycanda son illər peşə təhsili ilə bağlı müsbətə doğru dəyişiklik müşahidə olunur. Ölkəmizdə peşə təhsilinin yenidən dirçəldilməsi, inkişafı gənclər arasında peşə təhsilinə marağı artırır. Artıq tədricən peşə məktəbləri gənclər arasında əmək bazarında tələbat olan peşələr üzrə ixtisaslı və bacarıqlı kadrların hazırlandığı ünvana çevrilir. Bu günki müsahibimiz də elə peşə təhsili üzrə Azərbaycanın ən müasir, Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarovdur.

Azərbaycanda Koreya standartları əsasında peşə təhsili: Əlli yaşda da ora daxil olurlar

-Rəşad müəllim, sizin rəhbərlik etdiyiniz müəssisə peşə məktəbləri arasında ən müasir, maddi-texniki bazasına görə ən mütərəqqi peşə təhsil mərkəzi hesab olunur. Gəlin öncə oxucularımızı Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi barədə məlumatlandıraq...

- Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2019-cu ildə yaranıb. Mərkəzimiz iki hökumətlərarası saziş əsasında, Azərbaycanla Cənubi Koreya arasında formalaşıb. Bu Mərkəzimin qurulmasının məqsədi Koreya peşə təhsili modelini Azərbaycanda tətbiq etməkdir. Burada  8 texniki isttiqamət üzrə- mexanika, avtomobil, sənayedə quraşdırılma, elektronika, inşaat, elektrotexnika, avtomatika və informasiya kommunikasiya texnologiyaları üzrə kadrlar hazırlanır. Sadaladığım 8 texniki istiqamətlər üzrə tədris vəsaitləri və proqramları hazırlanıb. 24 nəfərlik mühəndis-pedoqoji heyət 3 ay müddətində Koreya Respublikasında təlimdə iştirak etdilər və bu modelin qurulmasına nail oldular. Modelin özəlliyi daha çox praktiki dərslərin tətbiq olunmasındadır. Tədris prosesinin effektivliyinin artırılması üçün mərkəz 4300-dən çox texniki avadanlıqla təchiz olunub. 75-dən çox laboratoriya mövcuddur. Bu laboratoriya vasitəsilə praktiki dərslər təşkil olunur. Məzmun üzrə 60-70 faiz dərsləri praktiki dərslər təşkil edir. 30-40 faizi isə nəzəri-texniki dərslərdir. Onu da qeyd edim ki, müasir təhsil kompleksimiz əsas tədris binası, 2 emalatxana, 2 yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyib. Yataqxanaların hər birində 90 tələbənin yaşaması üçün zəruri olan şərait yaradılıb.

Azərbaycanda Koreya standartları əsasında peşə təhsili: Əlli yaşda da ora daxil olurlar

- Bəs Peşə Təhsil Mərkəzinə tələbə qəbulu necə aparılır? Bu il bu Mərkəzə nə qədər tələbə qəbul olunub?

-2019-2020-ci tədris ilində Mərkəzə qəbul elan olunub. 8 texniki istiqamət üzrə 12 qrup təhsilini bu il, 2020-ci ilin yay ayında başa vurub. 2020-ci ilin yay ayında təhsillərini başa vuran məzunlarımız əmək bazarında öz yerlərini tapmaqdadır. Bununla yanaşı 2020-2021-ci tədris ili üzrə qəbul elan olunmuşdu. Burada artıq 17 qrup qəbul olunub. Bunlardan iki qrupu subbakalavr dərəcəsi almaqdadırlar. İstərdim bu iki istiqamət üzrə fərqi izah edim. Müəssisəmizdə Koreya peşə təhsili modeli üzrə həm texniki peşə, həmçinin də yüksək texniki peşə dərəcəsi almaq imkanı yaradılıb. Texniki peşə bir il, yüksək texniki peşə üç tədris ili müddətidir. Hər ikisi üzrə 11-ci sinfi başa vurmuş şəxslərə təhsil almaq imkanı yaradılıb. 2020-2021-ci tədris ili üzrə 320 nəfər Koreya peşə təhsili modeli əsasında təhsil almaq imkanı əldə edib. Ümumiyyətlə peşə təhsili müəssisəmizin il ərzində 1000 nəfər tələbəyə təhsil vermək imkanı mövcuddur.

-Peşə məktəbinə qəbul proseduru necədir?

- Mərkəzimizdə Koreya peşə təhsili modeli əsasında təhsil almaq imkanı əldə etmək istəyən şəxslər müsahibə şəklində qəbul olunurlar. Onlar ilk olaraq qeydiyyatdan keçirlər, tədris müddətdə aldıqları qiymətlər üzrə qiymətləndirmə aparılır. Daha sonra müsahibələr təşkil olunur. Bu müsahibələrdə həm müəssisəmizin mühəndis-pedoqoji heyəti, həmçinin də şirkətlərin nümayəndləri iştirak edirlər. Qəbulun nəticəsi olaraq artıq yüksək nəticə göstərən şəxslər təhsil almağa dəvət olunur.

Azərbaycanda Koreya standartları əsasında peşə təhsili: Əlli yaşda da ora daxil olurlar

-Qiymətləndirmə hansı meyarla aparılır?

-Müsahibə keçirərkən seçilən texniki istiqamət vacibdir. Biz ona uyğun olaraq orta təhsildə qiyməti əsas tuturuq. Müsahibələr zamanı isə seçdikləri istiqamət üzrə peşə təhsili üçün müraciət edənlərin biliklərini qiymətləndirməyə çalışırıq. Müsahibədə verilən sualların cavabları əsasında bu qiymətləndirmə aparılır. Ən yüksək nəticə əldə edən şəxslərə təhsil almaq imkanı verilir.

-Peşə məktəbinə qəbulla bağlı yaş məhdudiyyəti var?

-Müəssisəmizdə təhsil almaq üçün yaş məhdudiyyəti yoxdur. Buna misal gətirə bilərəm ki, ötən il müəssisəmizə 11-ci sinif məzunları ilə yanaşı 40-45, hətta 50 yaşında olan şəxslər də daxil olub. Bizə müraciət edən şəxslərə baxış keçirdikdə məlum olur ki, qruplarda bakalavr və magist dərəcələrində təhsil alanlar belə var. Amma onlar peşə təhsilinə müraciət ediblər.

-Peşə təhsili artıq populyarlaşmağa başlayır. Siz Azərbaycanda peşə məktəblərinə marağı necə qiymətləndirirsiniz?

-Bəli, peşə təhsilinə ildən-ilə maraq artır. Ötən illə bu ilki rəqəmlərin müqayisəsində biz görürük ki, peşə təhsilinə müraciət edənlər iki dəfə çoxdur. İldən-ilə bu rəqəmdə artım müşahidə olunur.

-Sizin Mərkəzdə qəbul ödənişlidir, yoxsa ödənişsiz?

-Hər il bu məsələ fərqli olur. Əsasən hər il ödənişsiz əsaslarla təhsil almaq imkanı təklif olunur. Burada həm ödənişli, həmçinin də ödənişsiz təhsil almaq mümkündür. İlk olaraq ödənişsiz təhsil almaq imkanı əldə edirlər. Qruplar komplekləşdikdən sonra isə ödənişli əsaslarla təhsil almaq imkanı yaradılır. Peşə təhsili haqqında qanunda da qeyd olunduğu kimi hər bir şəxsin bir dəfə pulsuz peşə təhsili almaq imkanı var. Əgər kimsə dövlət hesabına pulsuz peşə təhsili alıbsa, ikinci dəfə bizə müraciət etdikdə ödənişli əsaslarla təhsil alırlar. İllik təhsil haqqı 850 manatdır.

-Özəl şirkətlərlə partnyorluq edirsinizmi? Onlar sizin müəssisədə hazırlanan kadrlara maraq göstərirlərmi?

-Mərkəzimizin fəaliyyətinin ən əsas istiqamətlərindən biri dövlət-özəl tərəfdaşlıq modelinin qurulmasıdır. Bu istiqamətdə bir neçə yerli beynəlxalq şirkətlərlə əməkdaşlıq qurulub. Bu günə qədər 40-dan çox əməkdaşlıq memorandumu imzalanıb. Bu əməkdaşlıqların məqsədi tədris prosesinə şirkətlərin yaxından iştirakını təmin etməkdir. Müsahibə prosesində, daha sonra tədris zamanı master-klassların təşkilində ümumiyyətlə tədris proqramlarına dair şirkətlərin rəy bildirməsində, təcrübə proqramlarının təşkil olunmasında və buraxılış zamanı məzunların işlə təmin olunmasında şirkətlər yaxından iştirak edir.

Azərbaycanda Koreya standartları əsasında peşə təhsili: Əlli yaşda da ora daxil olurlar

-Maraqlıdır, bu peşə təhsili müəssisəsində qadınlar da təhsil alırmı?

-Müəssisəmizdə təhsil alanların 11 faizi qadınlardır. Biz gender bərabərliyinə dəstək veririk.

-Burada yataqxana da var. Yataqxanalarda tələbələr üçün qalma şərtləri necədir?

-Bəli, yataqxana da mövcuddur. Yataxanalardan təhsil alanlar istifadə edə bilirlər. Bölgələrdən də müraciət edənlər var. Onlara bu imkan yaradılır.

-Bəs müəllim seçimini necə aparırsınız?

-Mühəndis-pedoqoji heyət seçilərkən yerli kadrlara üstünlük verilib. Həmin kadrların seçimi zamanı daha çox praktiki bilikləri və sənaye təcrübəsi ən əsas amil olaraq qiymətləndirilib. Onların nail olduqları bilik və bacarıqları daha da təkmilləşdirmək, Koreya modeli əsasında tədrisetmə imkanının yaranması üçün 3 ay Koreya respublikasında təlim keçiblər. Orada müəssisəmiz üçün Koreya modeli əsas kurikulumun yazılması prosesi baş tutub, dərsliklər formalaşıb. Laboratoriyalarımız Koreya respublikasından gətirilən avadanlıqlarda təhciz edilib.

Azərbaycanda Koreya standartları əsasında peşə təhsili: Əlli yaşda da ora daxil olurlar

-Özəl sektorla əməkdaşlıq məzunların əmək bazarına çıxışına nə dərəcədə dəstək olur?

-Qeyd etdiyim kimi, dövlət-özəl tərəfdaşlıq modeli əsasında müəssisəmiz bir sıra yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq qurub. Bu şirkətlərlə 8 istiqamət üzrə partnyorluq əlaqələri qurulub. Məzunların həm tədris prosesi zamanı təcrübə proqramlarından istifadə və işlə təmin olunması mümkündür. Məzunlarımız artıq müəyyən şirkətlərdə təcrübə proqramlarında iştirak edirlər, həmçinin işlə təmin olunurlar. Müəssisələr də gənc ixtisaslı kadrları avadanlıqlardan istifadəyə dair bilik və bacarıqlara yiyələndiklərindən, işə daha tez inteqrasiya olunduqlarından, işə götürməyə maraqlıdırlar.

-Peşə təhsilində təcrübə, praktiki bilik vacibdir. Pandemiya dövründə məsafədən təhsildə nə kimi çətinliklər yaranıb?

-Cari ilin mart ayından başlayaraq təhsili distant təşkil edirik. Bütün təhsil alan qruplar onlayn davam etdirdilər. 2020-2021-ci tədris ilini əvvəlcə onlayn, daha sonra hibrid, daha sonra təkrar onlayn təhsilə keçdik. Biz çalışırıq ki, daha çox onlayn stimulyatorlardan istifadə edək. Tədris zamanı maksimal dərəcədə virtual resurslardan istifadə edilir. Müəssisəmizin artıq nail olduğu təcrübəni digər peşə məktəbləri ilə də bölüşürük.

P.s. Bu müsahibə "Qadın Lideriliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.