BAKI, 23 noyabr — Sputnik. Müğənni Dilarə Kazımova vətənimizin qələbə qazanması münasibətilə yeni mahnısı "Azərbaycanım"ı təqdim edib.
Sputnik Azərbaycan xəbər verir ki, bir neçə həftə öncə ermənilərin şikayəti nəticəsində "Youtube" kanalı bağlanan ifaçı buna məhəl qoymayaraq yeni işini özünün "Instagram" səhifəsində paylaşıb.
Musiqisi Faiq Sücəddinov, sözləri Baba Vəziroğluya aid olan iş barədə Dilarə fikirlərini belə ifadə edib: "İnformasiya cəbhəsində vuruşanda eyni zamanda mahnı ilə dəstək olmaq istəyirdim. Öz töhfəmi musiqi ilə, səsimlə vermək niyyətində idim. Faiq Sücəddinov zəng etdi ki, sənin səsinə uyğun mahnı var. Mən çox bəyəndim. Bu mahnının sözləri çox gözəldir, inam və ümid verəndir. İşğaldan azad olunmuş torpaqlara həyatın, baharın gəlməsini tərənnüm edir. Stimul verir. Həmin torpaqların əvvəlki halından daha gözəl olacağından bəhs edir".
D.Kazımova mahnı üçün kamera qarşısına da keçib. O, Gülnarə Xəlilovanın "Xalçaların dili" kolleksiyasından libas geyinib.
Qeyd edək ki, mahnının aranjmanı Camal Qurbanov, miks və soundu isə Samir Əsədova məxsusdur.