RUSİYA

Ərdoğanın sözçüsü: Türkiyə onsuz da Azərbaycandadır, ruslar da Qafqaza yeni gəlməyib

İbrahim Kalın: "Niyə bu günə qədər müttəfiq kimi gördüyünüz Ermənistana oradakı rus hərbi bazalarını çıxarmasını söyləmədiniz? Ruslar Qafqaza və ya Ermənistana yeni gəlməyib, illərlədir ki, oradadırlar".
Sputnik

BAKI, 22 noyabr - Sputnik. Türkiyə onsuz da Azərbaycandadır və hər zaman da olacaq. Müşahidə qüvvələrinin bir hissəsi kimi də Türkiyə Azərbaycanda olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində bildirib.

Kalın Qarabağ məsələsilə bağlı Türkiyəyə qarşı irəli sürülən ittihamlarla razılaşmadığını deyib:

"Ruslar önə çıxdı və atəşkəs üçün bir razılaşma əldə olundu. Rusiya hərbçiləri orada 5+5 il qalacaqlar. Mən də bunu deyirəm: Madam ki, rus hərbçilərinin orada varlığından narahatsınız, niyə bu günə qədər müttəfiq kimi gördüyünüz Ermənistana oradakı rus hərbi bazalarını çıxarmasını söyləmədiniz? Buna gücünüz çatırsa, buyurun edin, Ermənistan oradakı rus hərbiçilərini çıxarsın. Ruslar Qafqaza və ya Ermənistana yeni gəlməyib, illərlədir ki, oradadırlar".

Ərdoğanın sözçüsü Türkiyənin Qarabağda olmasının Avropa üçün də faydalı olacağını vurğulayıb:

İbrahim Kalın: Ermənistan humanitar atəşkəsə baxmayaraq hərbi cinayətlər törədir

"ABŞ atəşkəs üçün bir fəaliyyətə başladı, bizdən də dəstək istədilər, biz də dəstək olduq. Atəşkəs 2 gün çəkdi. Bundan başqa, məsələn, Fransadan hansısa bir təklif gəldimi? Avropa, NATO və ya Avropa İttifaqından hansı dəyərli bir təklif verildi ki, biz onu rədd etdik? Amma Rusiya ilə 30 illik münaqişəni müzakirə edib, savaşı sonlandıracaq razılaşma əldə etdik. İndi türk əsgərləri də müşahidəçi qüvvə qismində orada olacaq. Bu Qərb və Avropa üçün də strateji mənfəət olaraq qəbul edilməlidir.  Qarabağda, Liviyada, Suriyada Türkiyənin olması Avropa İttifaqı üçün də faydalıdır”.

Kalın əlavə edib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətilə bağlı Rusiya tərəfi Türkiyə ilə Ankarada fikir mübadiləsi aparıb, hazırda isə Kremldə bununla əlaqədar müzakirələr davam edir:

"Hərbiçilərimiz, müdafiə, xarici işlər nazirlərimiz və milli təhlükəsizlik qüvvələrimiz bu məsələlərə birgə nəzarət edir.  Önümüzdəki günlərdə əməliyyat prosedurları, kimin hansı işi görəcəyi və bunların harada və necə olacağı ilə bağlı danışıqların nəticələrini gözləyirik. Türk əsgərləri onsuz da orada olacaq. Azərbaycanla qardaş münasibətlərimizə görə hərbi hazırlığımız və əməkdaşlıq müqavilələrimiz çox qədimdir. Müşahidə qüvvələrinin bir hissəsi kimi  Türkiyə hərbçilərinin Azərbaycanda olmasına dair qanun layihəsi də qəbul edildi".