RUSİYA

İlk yerə geosiyasi ambisiyalar qoyulsa, belə cəhdləri rədd edəcəyik - Rusiya XİN

Lavrov: 9 noyabr tarixli razılaşmaları mənfi mənada interpretasiya etməyə və ya onları şübhə altına almağa az da olsa imkan verə biləcək heç bir səbəb görmürəm.
Sputnik

BAKI, 21 noyabr - Sputnik. Əgər ilk yerə geosiyasi ambisiyalar qoyulsa, onda Rusiya belə cəhdləri qətiyyətlə rədd etməkdən başqa heç nə edə bilməz.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib. 

"Rusiyanın xüsusi xidmət orqanları bir qədər əvvəl xəbərdarlıq ediblər ki, ABŞ və onun NATO üzrə müttəfiqləri 9 noyabr tarixli razılaşmaları pozmağa və Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışırlar. Siz bu məsələni burada, Bakıda və Yerevanda öz tərəfdaşlarınızla müzakirə etmisinizmi? Onlar sizə nə deyiblər və bu məsələ sizin Moskvada Minsk qrupunun həmsədrləri ilə görüşünüzdə qaldırılıbmı?", - sualına cavabında Lavrov deyib:

Lavrov Türkiyənin bu regionda real faktor olduğunu etiraf edib

"Bizim burada, Bakıda bugünkü danışıqlarımızın əvvəlində Azərbaycan Prezidenti ümumi şəkildə qeyd etdi ki, noyabrın 9-da əldə edilmiş razılaşmalar heç də hamının xoşuna gəlmir. Biz də qeyd edirik ki, bu razılaşmaları şübhə altına almaq cəhdləri var, lakin mənim fikrimcə, bu cəhdlər baş tutmayacaq. Birincisi ona görə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni Rusiya, Fransa və Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminin məhz hazırda 9 noyabr tarixli üçtərəfli birgə Bəyanatın inkişaf etdirilməsi və həyata keçirilməsi şəklində maddiləşən prinsiplər əsasında nizamlanmasının zəruriliyini dəfələrlə vurğulayıblar.

İkincisi, əlbəttə, biz bunu daim vurğulayırıq, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, bizim fransalı və amerikalı həmkarlarımızın Moskvaya səfəri zamanı xatırlatmışıq ki, hər hansı başqa münaqişə kimi, bu münaqişə barəsində də, ilk növbədə, düşünmək lazımdır ki, insanlar qanlı müharibələrdə ölməsinlər, həlak olmasınlar, dinc həyat nizamlansın və dinlər, mədəniyyətlər yanaşı mövcud olsunlar, müxtəlif etnik və konfessional qrupları təmsil edən insanlar birlikdə, sülh və təhlükəsizlik şəraitində yaşasınlar".

"Əgər bunu əsas götürsək, onda 9 noyabr tarixli razılaşmaları mənfi mənada interpretasiya etməyə və ya onları şübhə altına almağa az da olsa imkan verə biləcək heç bir səbəb görmürəm. Lakin ilk yerə geosiyasi ambisiyalar qoyulsa, onda biz burada heç nə edə bilmərik. Ancaq biz belə cəhdləri qətiyyətlə rədd edəcəyik və qüvvələrimizi bu regionda yaşayan xalqların əsas mənafelərinə cavab verən razılaşmaların reallaşdırılması üzərində cəmləşdirəcəyik", - deyə Rusiya XİN başçısı əlavə edib.