HADİSƏ

Məşhur aktyorun oğlu intihar etdi?

Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülüb. Onun 45 yaşı var idi.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. Mərhum aktyor, Azərbaycan SSR dövlət mükafatı laureatı Səməndər Rzayevin oğlu, aktyor, Əməkdar artist Rəşid Rzayev (Səməndər) intihar edib.

Bu barədə Sputnik Azərbaycan-a hadisə şahidləri məlumat verib.

Qeyd edilib ki, o, paytaxtın Binəqədi rayonunda Mir Cəlal küçəsi, bina 123 ünvanında özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Xatırladaq ki, Rəşid Səməndər 5 mart 1975-ci ildə anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışır. Qabiliyyəti ilə tələbəlikdən diqqəti cəlb edən R.Rzayev öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. İşlədiyi illər ərzində o, rəngarəng, çox maraqlı, yaddaqalan obrazlar yaratmışdır. Onlardan N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A.Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi obrazlar Rəşid Rzayevə tamaşaçı rəğbəti və məhəbbəti gətirib.

Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülüb.

Rəşid Rzayev mərhum korifey sənətkarımız Səməndər Rzayevin oğludur.