CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya yeni liftlər gətirildi

Yeni liftər müasir elekton sistemlə təchiz olunub, elektrik xətlərində açılma zamanı UPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur.
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Prezident İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamının icrası ilə bağlı ötən il Bakı Şəhər "Lifttəmir" İstehsalat Birliyi tərəfindən bu sahədə böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalanaraq alman istehsalı olan 581 ədəd yeni lift Bakıya gətirilərək quraşdırılıb.

Sputnik Azərbaycan Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin məlumatına istinadla xəbər verir ki, ötən ilki işlərin davamı olaraq 2020-ci ildə də Bakı şəhərində yeni liftlərin quraşdırılması işləri davam etdirilir. Cari il üçün Bakı Şəhər "Lifttəmir" İstehsalat Birliyi ilə "Wittur Holding GMBH" şirkəti arasında imzalanan yeni müqaviləyə əsasən daha 625 ədəd liftin alınaraq Bakıya gətirilməsi nəzərdə tutulub.

Bir neçə gün əvvəl ilkin olaraq 240 ədəd yeni lift Bakı şəhərinə gətirilib. Xaricdən gətirilən liftlər və digər avadanlıq Bakıda tələb olunan gömrük prosedurlarını keçərək "Lifttəmir" İstehsalat Birliyinin əməkdaşlarına təhvil verilib. Yeni liftlər paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında, istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılacaq.

Əlavə olaraq liftlərə operativ xidmətin göstərilməsi üçün 5 ədəd yeni avtonəqliyyat vasitəsi də alınıb. KİV nümayəndələrinə yeni quraşdırılmış liftlərin texniki göstəriciləri barədə məlumat verildi. Qeyd olundu ki, alınan liftlər keyfiyyət və texniki parametrlərinə görə müasir standartlara tam cavab verir. İşlər çərçivəsində köhnə liftlər demontaj edilir, liftlərin şaxtaları, binanın damında lift avadanlığının yerləşdiyi otaqlar təmir olunur, otaqların üstünə ruberoid şəkilir.

Yeni liftər müasir elekton sistemlə təchiz olunub, elektrik xətlərində açılma zamanı UPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur.

Eyni zamanda alınan liftlərə xidmət göstərilməsi üçün mərkəzi dispetçer xidməti sistemi qurulub, bura lazımı texniki avadanlıqlarla təchiz edilib və liftlərin göstəriciləri daim nəzarətdə saxlanılır. Yeni liftlər istismara verildikcə bu məntəqəyə qoşulacaq.

Görmə qabiliyyəti məhdud olan şəxslərin liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnmişdir. Yeni liftlərin özəlliklərindən biri də yükqaldırma qabiliyyətinin 450 kq, sürətinin 1,0 metr/saniyə olmasıdır. Sovet dönəminin liftlərində isə bu texniki göstəricilər 320 kq və 0,71 metr/saniyə idi.