CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZTV-nin sabiq diktoru, xalq artisti Sabir Ələsgərov vəfat edib

“Sabir Ələsgərov bizim televiziyamızın və radiomuzun tarixində özünəməxsus dəsti-xətti olan, bir çox verilişlərin aparıcısı və diktor məktəbimizin çox parlaq nümayəndəsi kimi yaddaşlarda qalacaq”.
Sputnik

BAKI, 20 noyabr - Sputnik. Azərbaycanın xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib.

Bunu APA-ya əməkdar jurnalist, professor Qulu Məhərrəmli təsdiqləyib.

O qeyd edib ki,  S.Ələsgərov bu gün 84 yaşında vəfat edib və dəfn olunub: “Sabir Ələsgərov bizim televiziyamızın və radiomuzun tarixində özünəməxsus dəsti-xətti olan, bir çox verilişlərin aparıcısı və diktor məktəbimizin çox parlaq nümayəndəsi kimi yaddaşlarda qalacaq”.

Qeyd edək ki, Sabir  Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə  Tbilisidə anadan olub. 1961-ci ildə Azәrbaycan Pedaqoji Rus Dili vә Ədәbiyyatı İnstitutunu  bitirib. Azәrbaycan Dövlәt Teleradio Verilişlәri Komitәsindә (indiki Azәrbaycan Televiziya vә Radio Verilişlәri QSC) fәaliyyәtә başlayan S.Ələsgərov 1966–72 illәrdә radionun, 1972–90 illәrdә  televiziyanın baş diktoru, 1990–2006 illәrdә televiziyanın diktorlar şöbәsinin müdiri olub. “Xәbәrlәr” informasiya proqramının, “Sәadәt”, “Günün nәbzi”, “Sәfa” vә s. verilişlәrin daimi aparıcısı olub. Hökumәt tәdbirlәri vә bayram şәnliklәrindәn reportajların, dövlәt әhәmiyyәtli verilişlәrin hazırlanıb efirә verilmәsindә yaxından iştirak edib.