CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ANAMA mina təhlükəsinə dir təlimlər keçirir

Bu günə kimi, 26 rayon və şəhərin 1200 məktəbində 3635 müəllimə 195 təlim keçirilib. Hər il orta məktəblərdə 55000 şagirdə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) dərsləri keçirilir.
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla mina, partlamamış hərbi sursat, müharibənin partlayıcı qalıqları (MPQ) və tərkibində partlayıcı olan qurğuların təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasını, onların xəbərdar edilməsini, eyni zamanda mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdə inkişaf və yenidənqurma layihələrinin həyata keçirilməsinə təminatı da nəzərdə tutur.

Sputnik Azərbaycan ANAMA-nın məlumatına istinadla xəbər verir ki, MTM fəaliyyəti 26 rayon və şəhəri əhatə edir. Bura həmçinin işğal olunmuş ərazilərdən məcburi köçkün düşərək cəbhə bölgələrində məskunlaşmış əhali kateqoriyası da daxildir.

2004/2005-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, ANAMA və UNİCEF rəhbərləri arasında Anlaşma Memorandumu (AM) imzalandı ki, bu da Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) proqramının orta məktəblərin tədris kursuna inteqrasiyasını nəzərdə tuturdu.

Bu günə kimi, 26 rayon və şəhərin 1200 məktəbində 3635 müəllimə 195 təlim keçirilib. Hər il orta məktəblərdə 55000 şagirdə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) dərsləri keçirilir. İndiyə kimi bu dərslər orta məktəblərin 765000 şagirdini əhatə edib.

Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) Proqramı çərçivəsində həyata keçirilən bütün fəaliyyətin nəticəsi olaraq, son illərdə minadan və MPQ-lərdən zərərçəkənlərin sayı minimuma enib.

2020-ci il 27 sentyabr 9 noyabr tarixləri arasında Dağlıq Qarabağ və ətrafında yaşanan konflikt geniş miqyaslı müharibəyə səbəb oldu və nəticədə bir çox ərazilər partlamamış hərbi sursatlarla çirklənmişdir ki, bu da çox sayda mülki əhalinin ölümünə və yaralanmasına səbəb ola bilər.

2020-ci il 27 sentyabr tarixindən etibarən Agentlik tərəfindən cəbhə boyu ərazilərdə operativ və təxirəsalınmaz əməliyyat çıxışlarını həyata keçirmək məqsədilə çevik mobil əməliyyat qrupları yerləşdirilmiş və sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydalarını təmin etmək məqsədilə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə mütəxəssisləri rayonlara ezam olunublar.

Erməni silahlı qüvvələri tərəfindən davamlı olaraq artilleriya atəşinə məruz qalmış yaşayış məntəqələri və əkin sahələri sursatlarla çirklənmiş ərazilərdir və atəşə tutulan bu ərazilər təhlükəli ərazi hesab olunur.

Bununla əlaqədar Agentliyin Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə şöbəsinin mütəxəssisləri əhalinin müxtəlif növ hərbi sursatlara qarşı həssaslığını artırmaq, onları mövcud təhlükədən xəbərdar etmək məqsədilə müharibəyə məruz qalmış bütün bölgələrdə əhali arasında maarifləndirmə işlərini həyata keçirir. Belə ki, indiyədək kimi minlərlə sakin, o cümlədən uşaq mina təhlükəsinə dair maarifləndirmə proqramı çərçivəsində müxtəlif növ bukletlər və xəbərdaredici təbliğat vasitələri ilə təmin edilib, eyni zamanda əhalinin daha çox hərəkət etdiyi ictimai yerlərin, ofislərin, hökumət binalarının giriş qapılarına və pəncərələrinə kiçik plakatlar yapışdırılıb.

Maarifləndirmə proqramı çərçivəsində bizim fəaliyyətimizə ilk dəstək verən UNICEF/Azərbaycan nümayəndəliyi olmuşdur. Nümayəndəlik tərəfindən xəbərdaredici və maarifləndirici materiallar (yaşlılar və uşaqlar üçün bukletlər, açıqçalar (sticker), qeyd bloknotları, qələmlər, xəbərdaredici və maarifləndirici plakatlar və təhlükəli ərazilərdə quraşdırmaq üçün irihəcmli plakatlar) hazırlanaraq Agentliyə təqdim edilib, Agentlik isə öz növbəsində aidiyyəti üzrə mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalmış rayon və kənd sakinləri arasında paylayır və onlara təhlükəsiz davranış qaydaları və müvafiq tövsiyələri verir.

ANAMA, təsirə məruz qalan ərazilərdə mülki əhali arasında təhlükəsiz davranış qaydalarının təmin edilməsinə dair Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə üzrə məlumatlandırma kampaniyası istiqamətində UNICEF/Azərbaycana verdiyi dəstəyə görə bir daha öz dərin minnətdarlığını bildirir və təsirə məruz qalan icmalarla daha uzun müddətli əməkdaşlıq fürsətlərini müzakirə etməyə hazırdır.

Erməni silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasında Agentliyə dəstək olduğu üçün ANAMA bir daha UNICEF/Azərbaycan nümayəndəliyinə öz dərin təşəkkürünü bildirir.

Agentlik bir daha sakinləri naməlum əşyalara toxunmamağı, xüsusilə də uşaqları tanımaqdıqları əşyalara əl vurmamağı və dərhal aidiyyatı üzrə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng Mərkəzinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" Xidməti-Zəng Mərkəzinə, Rayon Polis Şöbələri (RPŞ), eləcə də Rayon İcra Hakimiyyəti orqanlarına) müraciət etməyə çağırır.