Qarabağın turizm potensialı çox zəngindir. Azərbaycan əhalisi doğma torpaqlarına qayıtdıqdan və infrastruktur yaradıldıqdan sonra bura yerli və xarici turistləri cəlb etmək olar. Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.
İşğaldan azad edilmiş ərazilərimizə təşkil ediləcək turlar haqqında Sputnik Azərbaycan-a danışan DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, turların təşkil edilməsi üçün ilk növbədə təhlükəsizlik təmin edilməlidir:
“Paralel olaraq bu ərazilərdə infrastruktur quruculuğu həyata keçirilməlidir. Ermənilər torpaqlarımızı işğal altında saxladıqları bu illər ərzində o ərazilərə müxtəlif turlar təşkil ediblər. Turlar təşkil edilərkən Qarabağın tarixi baxımdan əhəmiyyəti nəzərə alınmalıdır. Açılacaq turizm marşrutlarına Azıx mağarasını da daxil etmək olar. Düşünürəm ki, Qarabağın gələcəyi ekoturizm fəaliyyətləri ilə bağlıdır”.
Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz