BAKI, 19 noyabr — Sputnik. "İntensiv terapeya şöbəsində müalicə alan xəstənin müalicəsi ilə, yüngül xəstələrin müalicə müddəti eyni deyil. Bu baxımdan getdikcə, xəstəxanaların doluluq faizi artır".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələtini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib. Y.Qarayevanın sözlərinə görə, hazırda virusla mübarizədə yeganə metod karantin rejimi, maska, sosial məsafənin saxlanılmasıdır:
"Biz lokal sərtləşdirmələrə getdik, amma bu da effekt vermədi. Biz insanların sosial vəziyyətini də başa düşürük, kütləvi tədbirlərdə iştiraklarını da başa düşürük. Amma orada gənclərlə yanaşı, yaşlı insanlar da olur. Bu gün ailəiçi yoluxmaların sayı sürətlə artır. Ona görə də evlərdə də müəyyən tədbirlərin keçirilməsindən çəkinməliyik".
TƏBİB rəsmisi deyib ki, vaksin növbəti ilin aprelinə hazır olacağından, bu qışı karantin rejimində keçirəcəyik.