BAKI, 18 noyabr — Sputnik. Bu gün heç bir qurum Azərbaycanın haqq işinə, qələbəsinə kölgə sala bilməz.
Bu sözləri Sputnik Azərbaycan-a millət vəkili Arzu Nağıyev ötən gün Şəhidlər Xiyabanında bir qrup şəxsin Rusiya sülhməramlıları əleyhinə səsləndirdiyi şüarlara münasibət bildirərkən deyib.
"Rusiya və regional dövlətlər Azərbaycanın strateji partnyorlarıdır. Bu məsələdə ölkə başçısının səyləri danılmazdır. O, verdiyi müsahibələrdə münaqişənin başlama tarixindən başlayaraq hərbi əməliyyatların keçirilməsinə qədər ətraflı məlumat verərək, bütün dünyaya həqiqətləri çatdırdı. Bizim haqq qələbəmizi aşağılamağa heç kimin ixtiyarı yoxdur", - deyən A.Nağıyevin sözlərinə görə, Azərbaycan hər bir dövlətlə normal münasibət saxlayır.
Millət vəkili əlavə edib ki, Azərbaycan 30 ildə beynəlxalq səviyyədə sülh yolu ilə həll edilə bilməyən münaqişəni bu gün hərbi yolla həll etdi.
"Bizi istəməyən, araqarışdıran qüvvələr var. Bunların haradan qaynaqlandığı məlum məsələdir. Birmənalı şəkildə Azərbaycan qalibdir. Sülhməramlı qüvvələrin gəlməsi, Türkiyənin prosesdə iştirakı cənab prezidentin qələbəsidir. Azərbaycan Ali Baş Komandanı, Azərbaycan vətəndaşı və Azərbaycan Ordusunun vəhdəti bu qələbənin əsas meyarlarından biridir", - deyə o, əlavə edib.
Xatırladaq ki, dünən Bakıda Şəhidlər Xiyabanında təxribat xarakterli aksiya keçirilib.
Sputnik Azərbaycan-ın rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, aksiyaçı qrup 12 nəfərdən ibarət olub. Onlar Milli Dirçəliş Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət məqsədilə gəliblər və bundan sonra təxribatçı şüarlar səsləndiriblər. Onlara hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq xəbərdarlıq edilib.
Bakı şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycana bildiriblər ki, sözügedən qrupun üzvləri cəmiyyətin tanıdığı siyasi və ya ictimai fəallar deyil. "Xalq Cəbhəsi Partiyasının, eləcə də ölkədəki digər siyasi qüvvələrin nümayəndələri əllərində Azərbaycan bayrağı, Milli Dirçəliş Günü münasibətilə dinc şəkildə xiyabana gələrək şəhidləri ziyarət edib gediblər. Sözügedən təxribatçı qrupun isə hansı siyasi qüvvənin maraqlarını müdafiə etdiyini müəyyənləşdirmək mümkün olmayıb", - deyə BŞİH-dən bildirilib.