RUSİYA

MDB-də tibbi avadanlıqların tədarükü prosesi sadələşdiriləcək

MDB İqtisadi Şurasında belə hesab edirlər ki, koronavirus pandemiyası şəraitində tibbi avadanlıqların lisenziyalaşdırılmasındakı maneələrin aradan qaldırılması məsələsi xeyli aktuallaşıb.
Sputnik

BAKI, 18 noyabr — Sputnik. MDB-yə üzv dövlətlərdə tibbi avadanlıqların qeydiyyatı və lisenziyalaşdırılması qaydalarının sadələşdirilməsinə ehtiyac var. Bu barədə yanvarın 18-də MDB İqtisadi Şurası yanında İqtisadi Məsələlər üzrə Komissiyanın nümayəndələri tibbi məhsullar bazarını araşdırandan sonra məlumat veriblər.

Belarus Respublikasının Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyinin Sosial Sahə və Xidmətlər şöbəsinin müdiri Alesya Abramenkonun fikrincə, MDB-də bu sahədəki problemlərin araşdırılması koronovirus pandemiyası dövründə xüsusilə aktuallaşıb.

"Bir çox ölkələr son dərəcə vacib tibbi avadanlıqlar, testlər, kimyəvi maddələr və tibbi qoruyucu vasitələrin çatışmazlığı ilə qarşılaşır", – deyə o bildirib. Abramenkonun fikrincə, əsas problemlər tibbi avadanlıqların qeydiyyatı və lisenziyalaşdırılması ilə bağlıdır.

MDB İcraiyyə Komitəsinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru İqor İlingin isə qeyd edib ki, Birlik ölkələrində tibbi cihazlara tələbat böyük ölçüdə idxaldan asılıdır. Bu sahə üzrə milli istehsalçıların sayı çox məhdud olduğundan, bürokratik prosedurları asanlaşdırmaqla onları dəstəkləmək vacibdir.

"Bir misal gətirim: deyək ki, sizin termometriniz var. Bir MDB ölkəsində buna "civə termometri", o birində isə "civə temperaturunu ölçən cihaz" deyirlər. Halbuki hamımızın bildiyi adi hərarətölçən cihazıdır. Ancaq müxtəlif şəkildə adlandırılması tədarük prosesində bu cihazın yenidən sertifikatlaşıdırılmasına ehtiyac yaradır. Çünki qanunvericilik bunu tələb edir. Tədqiqat zamanı o da məlum olub ki, bu tendensiya müxtəlif avadanlıqların qeydiyyatı vaxtı müşahidə olunur. Odur ki bu məsələ İqtisadi Şuraya daxil edilib", – deyə İlingin bildirib.

Departament direktorunun fikrincə, bu məsələnin həlli pandemiya şəraitində xüsusilə vacib olan tədarük prosesinin sadələşdirilməsi ilə yanaşı, həm də MDB ölkələrində büdcə vəsaitlərinə qənaət olunmasına kömək edəcək.

Qeyd edək ki, 2020-ci il ərzində Rusiya MDB ölkələrinə koronavirus pandemiyasına qarşı mübarizədə dəstək verərək təmənnasız bir neçə yüz min COVID-19 testi göndərib. Bundan başqa, Rusiya səhiyyə işçilərindən ibarət qruplar həmkarlarına məsləhət vermək və virusun müalicəsində kömək göstərmək məqsədi ilə bir sıra MDB respublikalarına göndərilib.