BAKI, 18 noyabr - Sputnik. Ermənistan Müdafiə Nazirliyi sosial şəbəkələrdə İran ərazisində müəyyən sayda erməni hərbçisinin olması ilə bağlı məlumatlara reaksiya verib. İstifadəçilər İranın Ermənistandakı səfirliyinin nömrələrini yazaraq qeyd ediblər ki, Martuni, Vayk (Ermənistanın rayonu) və Cəbrayılda xidmət etmiş əsgərlərin valideynləri səfirliyə müraciət edə bilərlər.
Ermənistanın Müdafiə Nazirliyi isə İran İslam Respublikası ərazisində olan hərbçilərinin sayını bilmir.
Sputnik Ermənistan-ın yaydığı məlumata görə, bunu Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib.
Məlumata görə, Azərbaycanın əvvəllər işğal altında olan ərazilərində Ermənistan ordusunun hərbçiləri və əsgərləri xidmət edib. 44 günlük döyüşlərdə onların bir qismi itkin düşüb. Həmin əsgərlərin valideynləri övladlarının İran ərazisinə keçdiyini ehtimal edirlər.
Şuşan Stepanyan bildirib ki, məsələnin araşdırılması üçün idarənin əməkdaşları İrana müraciət ediblər. Ancaq nə Ermənistanın Tehrandakı səfirliyi, nə İranın Yerevandakı diplomatik nümayəndəliyi İslam Respublikası ərazisinə erməni hərbçilərinin keçməsi barədə yayılan məlumatları təsdiqləyib.