BAKI, 18 noyabr — Sputnik. "Sosial şəbəkələrdə yayılan "Yelo Bank"ın əsgərimizi məhkəməyə verməsi ilə bağlı xəbər əsasında araşdırma aparılıb. Məhkəməyə müraciət həmin şəxsin əsgər kimi xidmətə başlamasından əvvəl olub və xidmətdə olduğu bilindikdən sonra dərhal bank tərəfindən Ucar rayon məhkəməsinə prosesi dayandırması ilə bağlı məlumat yönləndirilib. Bununla yanaşı, əsgərimizin qardaşı da banka dəvət edilib". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Yelo Bank"ın İnkişaf idarəsinin baş direktoru Günay Cəlilova bildirib.
O qeyd edib ki, "Yelo Bank" Vətən uğrunda azadlıq müharibəsinin ilk günündən döyüşlərdə iştirak edən və zərər çəkmiş hər bir müştərisinin yanındadır:
"Xidmətdə olan müştərilərlə bağlı məlumatların yığılması müəyyən vaxt tələb etdiyindən, qeyd olunan formada yanlış anlaşılmalar baş verə bilir. Artıq bir neçə müştərimizi ziyarət edərək, həm edilən güzəştlərlə bağlı məlumatı şəxsən onlara çatdırmışıq, həmçinin müharibədə göstərdikləri qəhrəmanlıqlara görə təşəkkürümüzü bildirmişik".
Cəlilovanın sözlərinə görə, bu gün bankın əməkdaşları bankın müştərilərindən biri olan və döyüşlər zamanı qolunu itirmiş əsgərə baş çəkib.
"Müharibə haqda iştirakçısının dilindən eşitmək əldə etdiyimiz qələbənin necə dəyərli olduğunu bizə bir daha sübut etdi. Biz "Yelo Bank" olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat, eləcə də, döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə 50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsait ayırmışıq. Ordumuza dəstək aksiyaları çərçivəsində cəbhə bölgələrinə tibbi ləvazimatlar, gigiyenik vasitələr, isti geyimlər, qida məhsulları və digər ilkin tələbat məhsulları göndərmişik", - deyə bankın təmsilçisi bildirib.
O qeyd edib ki, bankın 20-ə yaxın əməkdaşı səfərbərlik çərçivəsində ordu sıralarına qatılıb. Bir işçisi isə Bərdəyə xain hücum zamanı həlak olub.
"Bütün bu dövr ərzində daim ordumuz və əsgərlərimizin, cəbhəyə yollanan yoldaşlarımızın və onların ailələrinin yanında olub, dəstəyimizi əsirgəməmişik və bundan sonra da əsirgəməyəcəyik", - deyə G.Cəlilova əlavə edib.