Armen Sarkisyan Ermənistana yeni xarici işlər naziri təyin edib

"Baş nazirin təklifi, Konstitusiyanın 131-ci maddəsi, "Hökumətin strukturu və fəaliyyəti haqqında" qanunun 1-ci maddəsinin 5-ci hissəsi əsas götürülməklə Ara Ayvazyan xarici işlər naziri təyin edilir".
Sputnik

BAKI, 18 noyabr - Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan Ara Ayvazyanı xarici işlər naziri vəzifəsinə təyin edib.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə Ermənistan prezidentinin fərmanında deyilir.

"Baş nazirin təklifi, Konstitusiyanın 131-ci maddəsi, "Hökumətin strukturu və fəaliyyəti haqqında" qanunun 1-ci maddəsinin 5-ci hissəsi əsas götürülməklə Ara Ayvazyan xarici işlər naziri təyin edilir", - deyə Ermənistan prezidentinin saytında dərc edilmiş fərmanda bildirilir.

Qeyd edək ki, oktyabrın 16-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ayvazyanı xarici işlər nazirinin müavini təyin edib.

Zöhrab Mnatsakanyan artıq XİN başçısı deyil

Bundan əvvəl Ayvazyan Ermənistanın Litvada, Latviyada və Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Daha sonra o, Ermənistanın Meksika, Kosta Rika, Kuba, Honduras, Qvatemala və Panamadakı səfiri olub. Prezident Armen Sarkisyanın аərmanı ilə o, Yerevana geri çağırılıb. Bundan sonra Paşinyan onu nazir müavini vəzifəsinə təyin edib.

Xatırladaq ki, noyabrın 16-da Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan xarici siyasət idarəsinin rəhbərinin istefası barədə Facebook səhifəsində yazıb. O, Zöhrab Mnatsakanyanın bəyanatının fotolarını da dərc edib. Bundan bir neçə dəqiqə əvvəl isə baş nazir Nikol Paşinyan ölkə parlamentində XİN başçısının istefaya göndərilməsi barədə qərarını açıqlayıb.

Həmin gün Ermənistan prezidenti Armen Sarkisyan Zöhrab Mnatsakanyanın respublikanın xarici işlər naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.