RUSİYA

Rusiya Prezidenti: Şuşanın verilməsi məsələsi heç vaxt gündəmə gətirilməyib

Putin Şuşa şəhərinin Azərbaycana verilməsi məsələsinin heç vaxt gündəmə gətirilmədiyini, bunun Dağlıq Qarabağdakı münaqişənin yeni mərhələsində ortaya çıxdığını deyib.
Sputnik

BAKI, 17 noyabr - Sputnik. Şuşa şəhərinin verilməsi məsələsi heç vaxt gündəmə gətirilməyib, bu, Dağlıq Qarabağdakı münaqişənin yeni mərhələsində ortaya çıxdı.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 24" telekanalına müsahibəsi zamanı deyib. 

"Şuşa şəhərinə gəlincə, Şuşanın verilməsi məsələsi heç vaxt gündəmə gətirilməyib", - Putin deyib. 

O, şəhərin statusu məsələsinin yalnız yeni münaqişə dövründə qaldırıldığını qeyd edib. 

Putin oktyabrın əvvəlində Əliyevi (Azərbaycan Prezidenti İlham Əliyev - red.) qaçqınların (azərbaycanlıların) Şuşaya qayıtması şərti ilə müharibəni dayandırmağa inandırdığını söyləyib. Və Paşinyanın niyə buna qarşı olduğunu anlamadığını etiraf edib.

Rusiya liderinin sözlərinə görə, Qarabağın bir sıra rayonlarının Azərbaycana qaytarılması məsələsi çoxdan bəri müzakirə olunur.

"Ermənistanın faktiki nəzarətində olan əvvəl beş, sonra da iki rayonun Azərbaycana qaytarılması məsələsi, açığını deyim ki, çoxdan var idi", Putin əlavə edib.