QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilər Kəlbəcəri tərk edərkən ətraf mühitə və mülki obyektlərə ziyan vururlar

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Ermənistanın Kəlbəcərdən çıxması da vandalizm aktları ilə müşahidə olunmaqdadır.
Sputnik

BAKI, 15 noyabr - Sputnik. Ərazini tərk edən ermənilər Kəlbəcərdəki mülki obyektləri yandırır və bütün bunlar xarici medianın görüntülərində də əksini tapır. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qaldırılmalıdır.

Hacıyev BMT Təhlükəsizlik Şurasının da Kəlbəcərlə bağlı xüsusi qətnaməsinin olduğunu xatırladıb:

"Ərazini tərk edən ermənilər Kəlbəcərdəki mülki obyektləri yandırır, bu, xarici medianın görüntülərində də əksini tapır. Ermənilər ətraf mühitə və mülki obyektlərə ziyan vururlar. Ətraf mühitə vurulan zərərlər, ekoloji terrorun qarşısı alınmalıdır. Ərazidə tikilmiş tikililər də qeyri-qanunidir. Son məqamda da bu ərazilərin işğaldan azad edilməsi prosesində maddi mədəniyyət abidələrinə zərərlərin vurulması həyata keçirilir. Ağdamda Tiqranakert adlandırdıqları ərazidə də qanunsuz arxeoloji qazıntılar aparırdılar. Bu qazıntılarda əldə edilənlərin Ermənistana aparılması cəhdləri  də var. Bu, beynəlxalq qanunların pozulmasıdır".

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə maddi-mədəni irsi talan edən Ermənistan olub. Biz işğal olunmuş ərazilərdə maddi mədəniyyət abidələrinə, xüsusən məscidlərinə vurulan zərərləri görürük, məscidlərdə donuzlar belə saxlanılıb. Daha ətraflı araşdırmalardan sonra Ermənistanın barbar əməllərinin nəticələri bir daha özünü büruzə verəcək.

Azərbaycan Prezidentinin köməkçisi onu da qeyd edib ki, Ermənistanın Kəlbəcərdən çıxması da vandalizm aktları ilə müşahidə olunmaqdadır.