RUSİYA

Rusiya Ermənistanda əlavə beş sərhəd zastavası yerləşdirib

FTX rəhbəri Aleksandr Bortnikov deyib ki, bütün lazımi tədbirlər Ermənistanın sərhəd orqanları ilə razılaşdırılaraq həyata keçirilib.
Sputnik

BAKI, 13 noyabr - Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ermənistanda əlavə beş sərhəd zastavası yerləşdirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə FTX rəhbəri Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

FTX rəhbəri qeyd edib ki, onlardan 2 post Ermənistan və Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Yerasx və Payrur Seyvak ərazisində, 2 post Ermənistan və İran sərhədində - Meğri və Sıqırt ərazisində və sonuncu post sərhəddəki Tex məntəqəsində yerləşdirilib.

"Bütün lazımi tədbirlər Ermənistanın sərhəd orqanları ilə razılaşdırılaraq həyata keçirilib. Azərbaycan sərhədçiləri ilə də müvafiq əlaqələr qurduq, məlumat mübadiləsi apardıq. Sərhədçilər dövlət sərhədinin qorunması rejimində xidmət edirlər", - deyə Bortnikov vurğulayıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanat imzalanıb. 

Həmin bəyanata əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nın Sərhəd Xidmətinin orqanları həyata keçirir.