BAKI, 13 noyabr — Sputnik. Gürcüstan parlamentinin sabiq azərbaycanlı deputatı, “Qeyrət” qeyri-hökumət təşkilatının təsisçisi, ictimai xadim Zümrüd Qurbanov bu gün axşam saatlarında qəfil dünyasını dəyişib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Z.Qurbanovun ürək tutmasından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Zümrüd Qurbanov 1963-cü ildə Marneuli rayonunun Qızılhacılı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb. 2000-2004-cü illərdə Gürcüstan parlamentinin üzvü olub. O, Zümrüd Orxan imzası ilə hekayə və povestlərin müəllifidir.
Zümrüd Qurbanov bölgədə fəaliyyət göstərən ilk xalq hərəkatı təşkilatlarından olan “Qeyrət”in yaradıcılarından olub. Zümrüd Orxan (Qurbanlı) həm də “Qeyrət” qəzetinin baş redaktoru olub. Onun tərtibçi və redaktoru olduğu bir neçə toplu nəşr olunub.