BAKI, 12 noyabr — Sputnik. Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb. Şöbə əməkdaşları artıq işğaldan azad edilmiş Şuşa şəhərindədir. Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı"na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işğaldan azad edilən rayonlara polis şöbələri köçürülür.
O, həmçinin əlavə edib ki, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.
Xatırladaq ki, Şuşa şəhəri 8 noyabr 2020-ci il tarixdə erməni işğalından azad edilib.