CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda tarixi binaya müdaxilənin qarşısı alınıb

Abidəyə dəyən ziyan müəyyən edilərək qeyri-yaşayış sahəsinin istifadəçisi İnzibati Xətalar Məcəlləsinə əsasən tərtib edilmiş protokola uyğun olaraq cərimələnib.
Sputnik

BAKI, 12 noyabr — Sputnik. Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 3 ünvanında yerləşən Bakı şəhər Univermağının binasının Ə.Əlizadə küçəsi tərəfdə yerləşən, hazırda əyləncə məkanı (Bar2kat Baku) kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin istifadəçisi tərəfindən binanın fasadında sütunların qara, elementlərin isə qızılı rənglə boyanması faktı qeydə alınıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (İnv.№ 3459) dövlət qeydiyyatına alınıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Baş Polis İdarəsinin əməkdaşları dərhal əraziyə baxış keçirərək abidəyə müdaxilə faktını qeydə almış və təxirəsalınmaz tədbirlər həyata keçiriblər. Abidəyə dəyən ziyan müəyyən edilərək qeyri-yaşayış sahəsinin istifadəçisi İnzibati Xətalar Məcəlləsinə əsasən tərtib edilmiş protokola uyğun olaraq cərimələnib.

Qeyri-yaşayış sahəsinin istifadəçisinə bildirilib ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin qanunun 25-ci maddəsinə əsasən abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır.

Hazırda binanın fasadı təmizlənir, abidənin ilkin vəziyyətinə qaytarılması istiqamətində iş aparılır.

Bərpa işləri başa çatdıqdan sonra əlavə məlumat veriləcək.