BAKI, 12 noyabr - Sputnik, Viktoriya Nikiforova. Bu dəfə məşhur "rus haker"ləri Amerika seçkisinə "müdaxilə" etmədi. Transmilli şirkətlər özləri bu işin öhdəsindən yaxşıca gəldi. Amerikalılara yeni prezidenti "Google" və "Facebook" təyin etdi, Bill Qeytsin Ceff Bezosa məxsus "The Washington Post"-da gedən məqalələri isə ölkədə xüsusi təlimat statusu qazandı.
"Mənə deyirlər ki, əgər səni BigTech dəstəkləməsə, qalib gələ bilməzsən. Gəlin sabah onlara göstərək ki, bu mümkündür", – deyə Donald Tramp seçki ərəfəsində öz tərəfdarlarına müraciət etmişdi. Ancaq elə ertəsi gün – ciddi inzibati resurslarla dəstəklənən informasiya texnologiyaları onun əleyhinə işləməyə başlayanda aydın oldu ki, prezident yanılıb.
Bu gün internet platformaları aparıcı media orqanları ilə birləşərək on milyonlarla amerikalının fikrinə zidd olaraq, həm də qutulara saxta bülletenlərin atılması və "ölü canlara" rəğmən Co Baydeni Amerika Birləşmiş Ştatlarının prezidenti təyin etdi. Demokratiyanı ələ salmağın kulminasiya nöqtəsi isə öz rəqiblərini seçkidə fırıldaqçılıq etməkdə ittiham edən prezident Trampın televiziya çıxışının kəsilməsi oldu.
Ötən aylarda IT şirkətlərinin rəhbərləri davamlı olaraq ABŞ Konqresinə və Senatına sürükləndilər, sorğu-sual edildilər və hesabat verməyə məcbur oldular. Odur ki indi adi məntiqlə hamıdan qabaq respublikaçılar Zukerberq ("Facebook"), Dorsi ("Twitter") və Piçai-yə ("Google") hücuma keçməli idi – axı sosial şəbəkələr Trampı və onun tərəfdarlarını bilərəkdən məğlubiyyətə uğratdı. Amma görünən mənzərə bir qədər fərqlidir. Demokrat-konqresmenlər internet platformalarının və sosial şəbəkələrin sahiblərinə öz siyasi rəqibləri kimi qəzəblə hücuma keçir. Respublikaçılar "BigTech"-i senzurada, demokratlar isə bazarın monopoliyasında ittiham edirlər.
Respublikaçılar onları Telekommunikasiya Qanununun 230-cu maddəsini ləğv etməklə təhdid edirlər. Bununla da operatorlar öz platformalarında yerləşdirilən hər hansı bir məzmuna görə cavabdeh olacaq. Nəticədə hər hansı bir istifadəçi istənilən IT şirkətini məhkəməyə verə biləcək. Və saysız-hesabsız məhkəmə çəkişmələri həmin şirkətləri iflasa sürükləyəcək.
Demokratlar IT şirkətlərinə qarşı antiinhisar qanununu tətbiq etmək istəyirlər. Bu qanun həqiqətən də böyük bazar payına sahib şirkətlərin tədricən parçalanmasına gətirib çıxara bilər. Vaxtilə antiinhisar qanunvericiliyi həm Rokfellerlərin neft biznesinə, həm də IBM korporasiyasını ciddi zərbə vurmuşdu.
İndi belə çıxır ki, Amerikanın seçkidə şiddətli mübarizə aparan müxtəlif partiyalardan olan siyasətçiləri birdən-birə IT korporasiyalarına qarşı birləşib. Bəs bu niyə baş verdi?
Geridə qoyduğumuz il ABŞ-da hakimiyyət sisteminin necə dəyişdiyini açıq şəkildə göstərdi. Prezident Tramp bütün dünyanın gözü qarşısında ölkəyə nəzarəti itirdi. Bu zaman Amerika (və dünya) gündəmi IT nəhənglərinin sahibləri tərəfindən formalaşdırılırdı. Sosial media Trampı iblis kimi qələmə verir, tərəfdarlarını linç edir, "Black Lives Matter" etirazlarını həvəslə nümayiş etdirirdi.
Qeyts, Bezos və Zuckerberqin "əmrləri" ayrı-ayrı yerlərdə Demokrat Partiyasına mənsub merlər və qubernatorlar tərəfindən sevinclə icra edildi. Prezident ölkənin idarəetmə prosesindən tamamilə kənarlaşdırılmışdı. Onun birbaşa əmrlərinin əksinə olaraq, Nyu-York meri bu şəhərdə baş verən özbaşınalıqları qızışdırdı və dəstəklədi. Seattlın meri isə Trampın nizam-intizamı bərpa etmək tələbinə cavab olaraq "Twitter"-dən ona bu sözləri yazdı: "Siz öz bunkerinizdə oturun!"
Bu mənada noyabr seçkisi heç nəyi dəyişmədi. Co Bayden bütün hakimiyyət rıçaqlarından məhrum olmuş marionet-prezident roluna daha çox uyğun gəlir.
Ayrı-ayrı yerlərdə idarəetməni mer və qubernatorlar həyata keçirəcək, əlbəttə ki, öz güc və bacarıqlarına uyğun şəkildə. Və onlara Dublində qeydiyyatdan keçmiş transmilli şirkətlərin hansısa multimilyonçu sahibləri, ya da onların arxasında dayanmış daha qaranlıq fiqurlar rəhbərlik edəcək. Bu ikimərtəbəli idarəetmə sxemində ABŞ prezidentinə və siyasətçilərə, sadəcə yer yoxdur. Partiya mənsubiyyətindən asılı olmayaraq Amerika konqresmenlərini və senatorlarını qorxudan da elə budur. Onların hamısı birdən-birə özlərini sistemin lazımsız halqası kimi hiss etməyə başlayıblar.
Amerikalıların rus hakerlərini yaddan çıxarmaları da təsadüfi deyil.
Məlum oldu ki, feyk ustalarının proqram kodunu kiril hərfləri ilə yazması, əslində sadə və anlaşılan təhdid imiş – milli dövlətlərin kəşfiyyat xidmətləri mütəmadi olaraq bir-birinə bu cür çirkin fəndlər edir. Ancaq IT şirkətlərinin üstün təsir səviyyəsi bütün milli dövlətləri öz xüsusi xidmət orqanları, məmurları, lobbiçiləri və hətta ölməz Nensi Pelosi ilə birlikdə yer üzündən silə bilər.
Bir neçə il bundan əvvəl "suveren internet" fikrindən qəzəblənən yerli liberallar bu barədə sosial şəbəkələrdə komik paylaşımlar etdilər. Ancaq amerikalılar sərhədsiz informasiya texnologiyası azadlığını öz üzərlərində sınayaraq nəticədə səs verdikləri adamdan tamamilə fərqli bir prezidentə sahib oldular. Və indi belə məlum olur ki, internetə nəzarət mövcud deyilsə, suverenlik də yoxdur.
"Fərdi biznesin ideologiyası olmaz" fikrinə zidd olaraq internet şirkətləri bütün dünyaya tamamilə qəti və anlaşıqlı bir siyasi proqram yeridir. Bu proqram dünyada çoxluq təşkil edən ağ adamların hüquqlarının məhdudlaşdırılması, radikal yaşıl siyasət, sənayesizləşdirmə, kosmopolitizmin təbliği, "mədəni" münaqişlərin həllini nəzərdə tutur. Və bu ideyalar ayrı-ayrı ölkələrdə sürətlə yayılır. ABŞ-da sınaqdan keçirilən ikimərtəbəli idarəetmə sxemini də eyni uğurla bütün dünyada tətbiq etmək mümkündür.
İnternet üzərində milli nəzarəti tənqid edənlər IT imperiyalarının xüsusi statusuna istinad edirlər. Guya sosial şəbəkə sahiblərinin öz "biznesində" istənilən qaydanı tətbiq etmək hüququ var. Ancaq bu internet nəhənglərinin fəaliyyətinin inhisarçı xarakteri onlara milyardlarla insanın azad fikrinə senzura qoymaq və istədikləri ideyanı yaymağa imkan verir. Bununla belə, yaddan çıxartmamaq lazımdır ki, "Völkişer Beobahter" də əvvəl özəl nəşr kimi fəaliyyətə başlamışdı...