Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 11 noyabr — Sputnik. Hərbi əməliyyatlar başlayan gündən Azərbaycanda internetin verilməsinə məhdudiyyətlər tətbiq olunub. Noyabrın 10-dan etibarən hərbi əməliyyatlar başa çatsa da, bu məhdudiyyət hələ də davam edir. Bəs görəsən, internet istifadəçiləri nə vaxtdan rahat şəkildə internetdən istifadə edə biləcəklər?
Sputnik Azərbaycan abonentləri maraqlandıran bu suala aydınlıq gətirməyə çalışıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilib ki, ölkəmizdə hələ də hərbi vəziyyət davam edir: "Hazırda Azərbaycanda komendant saatı tətbiq edilir. Sentyabrın 27-dən ölkə üzrə internetə qanunvericiliyə uyğun olunmuş qaydada müəyyən şəbəkələr üzərindən müvəqqəti tətbiq edilmiş məhdudiyyət hələ də davam etdirilir. Bununla bağlı hər hansı yeni qərar yoxdur. Ancaq bu məhdudiyyətlər ümumən respublika ərazisində internet yoxdur demək deyil. Ölkə ərazisində internet mövcuddur, ümumilikdə istər regionlarda, istər də paytaxtda dövlət provayderləri üzərindən internetin verilişində hər hansı problem ortaya çıxarsa, vətəndaşlardan xahiş edirik ki, regionlar üzrə 170, paytaxt üzrə 155 çağrı mərkəzinə müraciət etsinlər".
İKT üzrə ekspert, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sputnik Azərbaycan-a bildirib ki, internetin verilişinə tətbiq edilmiş məhdudiyyətin addım-addım götürülməsi daha doğru olardı: "Biri var internetin sürətində olan problem, biri də var sosial mediaya qoyulmuş məhdudiyyət. Qarabağda hərbi əməliyyatlar dayandırılsa da, sosial media üzərində məhdudiyyətlərin tətbiqinə hələ ki ehtiyac var. Məsələn, "Whatsapp"a məhdudiyyətin qalması arzuolunandır. Çünki dezinformasiya əsasən "Whatsapp" və "Youtube" üzərindən yayılırdı. Amma "Whatsapp" və "Youtube" ilə yanaşı, "Twitter"ə girişi məhdudlaşdırmaq düzgün deyil. Hesab edirəm ki, "Twitter"i açmaq olar. Çünki biz beynəlxalq aləmə "Twitter" üzərindən təsir edirik. "Facebook"la da bağlı tədricən məhdudiyyətin götürülməsi arzuolunandır. Düşünürəm ki, "Facebook"u addım-addım açmaq olar".
O.Gündüzün sözlərinə görə, internet üzərindən təhsil və digər xidmətlər göstərildiyi üçün internetin keyfiyyətində yaranmış problemlər də aradan qaldırılmalıdır: "Bu gün təhsil resurslarının özü açılır. Amma internetin sürəti aşağı olduğundan istifadəçilər üçün o xidmətlərdən istifadə etmək çətin olur. Hərbi vəziyyət davam etsə də, internetə qoyulan məhdudiyyətlərdə addım-addım yumşalmalara getmək olar. Bu gün döyüş bölgələrində hərbi əməliyyatlar yoxdursa, multimedia ilə bağlı məhdudiyyətlər qalmaqla bir sıra yumşalmalara getmək olar".
Ekspert deyir ki, xarici ölkələrdə də hərbi vəziyyətlərdə internetin verilişində məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı təcrübə var: "Avropada, Böyük Britaniyada kütləvi iğtişaşlar zamanı da internet üzərində məhdudiyyətlər tətbiq edilmişdi. Hətta Böyük Bitaniyada terror hadisələri baş verəndə sosial şəbəkələrdə çıxışa məhdudiyyət qoyulmuşdu. Ona görə də Azərbaycanda hərbi əməliyyatlar dövründə internetin verilməsinə qoyulmuş məhdudiyyətləri pis qarşılamaq düzgün deyil".
O.Gündüz bildirir ki, bu gün sosial şəbəkələrə girişə qoyulmuş məhdudiyyətlər insanları başqa üsullara əl atmağa vadar edir. Bu isə müəyyən risk yaradır: "VPN-in özünün yaratdığı risklər olduğundan internet məhdudiyyəti götürülməlidir".
Millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Sputnik Azərbaycan-a bildirib ki, bu tezliklə internetə qoyulmuş məhdudiyyətlərin tam olaraq aradan qaldırılmasını tələb etmək düzgün deyil: "Bəzi insanlar hərbi əməliyyatların dayandırılmasını müharibənin başa çatması kimi anlayır. Amma müharibə dekabrın 1-də başa çatacaq. Bunun üçün qəbul edilmiş bəndlərə ermənilər tərəfindən əməl edilməlidir. Əgər buna Ermənistan əməl etməsə, qrafikə uyğun işğal etdiyi rayonları boşaltmasa, hərbi əməliyyatlar yenidən başlayacaq. Ona görə də internetin verilməsində tətbiq edilmiş məhdudiyyətlər indiki vəziyyətdə ən doğru qərardır. Çünki hərbi əməliyyatlar zamanı internet, sosial şəbəkələr təhlükə yaradır".
Bununla belə F.Mustafa bildirir ki, internetə bəzi platformalar üçün qoyulmuş məhdudiyyətlər mənasız olub: "Bəzi sosial şəbəkələrə girişi açmaq lazımdır. Çünki insanlar qeyri-leqal yolla həmin şəbəkələrə girişi əldə edirlər. Amma bunu bütün sosial şəbəkələrə aid etmək olmaz. Bu məsələdə səbrlə gözləmək lazımdır. Çünki internetə və sosial şəbəkələrə qoyulmuş məhdudiyyət dövlət təhlükəsizliyi baxımından atılan addımdır".