QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynadı

Qardaşımın "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi"
Sputnik

BAKI, 11 noyabr — Sputnik. "Biz tarixi anlar yaşayırıq. Görürsünüz ki, küçələrdə insanlar bu bayramı necə qeyd edirlər. Bu bayramı bütün Azərbaycan qeyd edir, bütün dünya azərbaycanlıları qeyd edirlər. Bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur. Bu təbiidir. Çünki biz bir millət, iki dövlətik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bildirib.

"Bu günlər ərzində əziz Qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dəfələrlə öz təşəkkürümü bildirmişəm. Dünən də telefonla danışmışıq. Yenə də təşəkkürümü bildirdim. Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim bizə öz dəstəyini ifadə etmişlər. Görürsünüz, nə qədər heyətlər gəlir. Demək olar ki, hər həftə Türkiyədən bir neçə heyət gəlir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir", - deyə İlham Əliyev qeyd edib.