CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pul mükafatına aldanıb pulsuz qalmayın

Vəd olunan mükafatı əldə etmək üçün kiçik bir "komissiya" ödəmək və ya "fiks ödəmə" etmək lazımdır. Ancaq istifadəçi bunun qarşılığında heç bir ödəniş əldə etmir və "komissiya" dələduzların cibinə gedir
Sputnik

BAKI, 11 noyabr — Sputnik. 2020-ci ilin yanvar-oktyabr ayları arasında "Kaspersky" mütəxəssisləri internetin Azərbaycan seqmentində dələduzlar (scammer) tərəfindən istifadəçilərin pullarını ələ keçirmək üçün yaradılmış 2845 mənbə aşkar edib. Kaspersky həlləri azərbaycanlı istifadəçilərin bu cür saytlara girmə üçün etdiyi təxminən 84346 cəhdi bloklayıb.

Sputnik Azərbaycan şirkətin məlumatına istinadla xəbər verir ki, dələduzluq (scam) istifadəçilərə adətən bir sorğunu tamamladıqları və ya bir aksiyada iştirak etdikləri üçün böyük pul mükafatı vəd edən mesajlardır. Həmin mükafatı əldə etmək üçün kiçik bir "komissiya" ödəmək və ya "fiks ödəmə" etmək lazımdır. Ancaq istifadəçi bunun qarşılığında heç bir ödəniş əldə etmir və "komissiya" dələduzların cibinə gedir. Bundan əlavə, kart sahibi, müvafiq məlumatları daxil etdikdə ödəmə məlumatlarının təhlükəsizliyini riskə atır.

"2020-ci ildə dələduzluq (scam halları) dünya üzrə bütün istifadəçilər üçün daha aktual bir təhlükəyə çevrilir. Bizim ekspertlərin proqnozlarına görə, bu cür mənbələrin sayı artacaq. Hazırkı epidemioloji vəziyyət insanları daha çox internetdə vaxt keçirməyə məcbur edir və dələduzlar bundan istifadə edirlər. Onlar öz hiylələrini cari xəbərlər və tendensiyalara uyğunlaşdırıb, fırıldaq yolu ilə istifadəçiləri könüllü şəkildə pul köçürmələri həyata keçirməyə vadar edirlər. Son zamanlar dələduzlar (skamerlər) insanların lotereyalara olan marağını əsas tutaraq öz hiylələrini qururlar. Pulu almadan öncə hər hansı bir ödəniş tələb edən təkliflərdən mümkün qədər çəkinməyinizi tövsiyə edirik", - deyə "Kaspersky"nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

"Kaspersky" əsas onlayn təhlükəsizlik qaydalarını xatırladır: poçt, sosial şəbəkələr və messencerlərdəki şübhəli linklərə keçid etməyin; böyük bir uduş və ya ödəmə barədə məlumatlara şübhə ilə yanaşın; "Kaspersky Internet Security" kimi aktual fişinq saytları və spam məlumat bazalarına malik etibarlı bir təhlükəsizlik həllini quraşdırın.