CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir qərarın verilməsi digərini ləğv etdi, amma olan vətəndaşa oldu

"Bu kimi problemlər kütləviləşdiyindən 2019-cu ildən sərəncamların verilməsi Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq, Arxitektura Komitəsinə verildi".
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. 2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarından sonra paytaxtın rayonlarında söküntü bumu başladı. Qərara görə, rayonların ərazilərində qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış tikintilər sökülməli və yenisi ilə əvəz edilməli idi. Lakin belə bir qərarın verilməsi ilə başlayan söküntü işləri bir müddət sonra sakinlərin narazılığına səbəb oldu. Rayon icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş tikinti şirkətləri bəzən vətəndaşlarla razılığa gəlmir və söküntünün qanuni olduğunu iddia edərək, icra edirdi.

Vətənin azadlığı uğrunda döyüşənlər evlə təmin olunmalıdır - Deputatdan təklif

Həmin dövrdə şikayətlər daha çox Nəsimi rayonu ərazisində idi. Sputnik Azərbaycan dəfələrlə bu rayon ərazisində olan problemləri işıqlandırmışdı.

Ancaq ötən il dekabrdan Nazirlər Kabinetinin 482 saylı qərarı ləğv edildi. Və yeni qərara əsasən, Bakı şəhərinin Sabunçu, Binəqədi, Qaradağ, Suraxanı, Nəsimi, Xətai, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər Rayon İcra Hakimiyyətləri ərazisində 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılan və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə tikintini həyata keçirməlidirlər.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, Nazirlər Kabinetinin 86 saylı qərarı ilə rayonlar üzrə istismar müddəti bitmiş, fiziki aşınmış, yol kənarında uyğun olmayan şəkildə tikilmiş, qəzalı binaların sökülərək, yeniləri ilə əvəz edilməsi müəyyən edildi.

"Köhnə binaların sökülməsi ilə bağlı verilən qərarın müsbət və mənfi tərəfləri oldu. Müsbət tərəfi ondan ibarət idi ki, qəzalı binalarda yaşayan vətəndaşlar binalarının sökülməsini səbrsizliklə gözləyirdilər. Çünki istismar müddəti bitmiş evlərin içinin, çölünün durumu, kommunikasiya xətlərinin vəziyyəti bəllidir", - deyən ekspert vurğulayıb ki, köhnə ikiotaqlı mənzilin qiyməti 100.000 manat idisə, yerində yeni tikilən binalarda isə 150.000 manat olur. Bu da vətəndaşa hərtərəfli sərf edirdi.

Ekspertin sözlərinə görə, qəzalı binaların sökülərək yenisi ilə əvəz edilməsini bəziləri ədalətsizlik kimi də qiymətləndirirdilər: "Tutaq ki, ikiotaqlı evdə iki ailə yaşayır. Yeni tikiliyə köçürüləndə deyirlər ki, biz iki ailəyik, hər ailəyə ikiotaqlı ev verin. Amma vətəndaşlar nəzərə almırlar ki, tikinti şirkəti o binanı sökməsəydi, yenə də vətəndaş o köhnə tikilidə yaşayacaqdı.

Bakıdakı köhnə yaşayış evləri - Hər an partlaya bilən "mina"lar
Tikinti şirkətləri çalışır ki, öz pullarına daha çox qənaət etsinlər. Sadəcə, bu mexanizm dövlət tərəfindən daha çox təkmilləşməli idi. Bu kimi problemlər kütləviləşdiyindən 2019-cu ildən sərəncamların verilməsi Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq, Arxitektura Komitəsinə verildi", - deyə o əlavə edib.

E.Azadov vurğulayıb ki, komitənin tikinti ilə bağlı normativləri olduqca sərtdir.

Belə ki, əgər əvvəllər 1 hektar torpaq ərazisində 50.000 kv metr inşa olunurdusa, onların normativi ilə bu rəqəm 14.000 kv metr oldu: "Bu yaxınlarda Nazirlər Kabinetinin təsdiq etdiyi qərara əsasən, 27-28 min kvadratmetrə qaldırıldı. Yəni əvvəlkindən 2 dəfə az oldu. Bu isə qiymətin artmasına səbəb olur. Qiymət artdıqca alıcılıq qabiliyyəti azalır, tikinti şirkətlərinin marağı azalır".

Ekspert hesab edir ki, tikinti normativləri məsələsinə yenidən baxılmalıdır.