CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Metropolitenində ilk - əlamətdar günü sərnişinlərsiz qeyd edirlər

Bu gün metropolitençilərin peşə bayramıdır, tarixdə ilk dəfədir ki, onlar bu bayramı sərnişinlərsiz qeyd edirlər
Sputnik

BAKI, 7 noyabr — Sputnik. 1967-ci il noyabr ayının 6-da Bakı metrosunun ilk xəttinin 5 stansiyadan ibarət "İçərişəhər-Nəriman Nərimanov" sahəsinin istifadəyə verilməsi ilə şəhər nəqliyyatında ən əhəmiyyətli hadisələrdən biri baş verdi. Əlbəttə, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsi ilə Bakıda metropolitenin yeni inkişaf dövrü başladı. Tezliklə 8-ci kilometr qəsəbəsinin əhalisini ən sürətli və rahat nəqliyyatla təmin etmək məqsədilə uzunluğu 6,3 km olan "Nəriman Nərimanov-Neftçilər" sahəsinin tikintisi məsələsi gündəmə gətirildi və 1970-ci il aprelin 17-də "Ulduz" stansiyası istifadəyə verildi. Heydər Əliyevin Respublikaya rəhbərliyi və daha sonra Moskvada SSRİ Nazirlər Sovetinin Birinci müavini vəzifəsində çalışdığı dövrlərdə metronun 22,3 kilometr sahəsi tikilərək istifadəyə verildi.

Vəziyyət pisləşsə, tədbirlər sərtləşdiriləcək - Baş infeksionist

2016-cı ildə müstəqillik tarixinin ilk xətti – Bənövşəyi xətt inşa olunmaqla, onun iki stansiyası "Avtovağzal" və "Memar Əcəmi" istismara verildi və xətlərin uzunluğu 36,6 km-ə çatdırıldı. Yeni xəttin stansiyaları 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub və gələcəkdə bütün stansiyalar da məhz bu prinsiplərə və ən yeni texnoloji standartlara uyğun tikiləcək. Hazırda şərti adı "B-3" olan Bənövşəyi xəttin üçüncü stansiyasının inşası yekunlaşmaq üzrədir. Burada infrastrukturun qurulması ilə bağlı əsas işlər, təbii ki, "COVID-19" virusu ilə bağlı bütün tədbirlərə ən ciddi şəkildə əməl olunmaqla, davam etdirilir.

Bu gün dünyada bütün böyük şəhərlərin nəqliyyat sisteminin şah damarı məhz metro hesab olunur. Sürət, vaxta qənaət, hərəkət intensivliyi, mobillik, daşıma imkanlarına görə və müasir meqapolislərin əsas probleminə çevrilən tıxacların azaldılması baxımından metro ilə heç bir ictimai şəhər sərnişindaşıma nəqliyyatı müqayisə oluna bilməz. Şəhər ictimai sərnişindaşıma nəqliyyatında 30 faizə yaxın pay sahibi olan metropoliten, 2019-cu ilin yekunlarına əsasən, gün ərzində orta hesabla 650 minə yaxın sərnişinə xidmət göstərib.

Koronavirus təhlükəsi şəraitində yeraltı nəqliyyat:

Virusla mübarizə hazırda da davam edir. Virusun xüsusiyyətləri və yayılma arealına görə xüsusi risk qrupunda olan sahələr sırasında nəqliyyat, ilk növbədə, yeraltı qapalı məkan olan Bakı metropoliteni də var. Virusun yayılmasını minimuma endirmək üçün Bakı metropoliteni yanvar ayının son günlərindən başlayaraq, işçiləri və sərnişinləri arasında xüsusi təbliğat və geniş maarifləndirmə işlərinə başladı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması ilə bu məsələdə ölkənin bütün digər sahələri ilə vahid mərkəzdən idarə olunmaqla daha geniş və qarşılıqlı əlaqələndirmə formasında davam etdirməyə imkan verdi.