İQTİSADİYYAT

Azərbaycanda türk malları ucuzlaşacaq - Lirə düşür

"Çox güman ki, lirənin ucuzlaşmasının sürətləndiyi bir dövrdə və bu ilin sonunadək Türkiyədən Azərbaycana gətirilən məhsulların həm çeşidində, həm də həcmində ciddi artım müşahidə olunacaq. Azərbaycan bazarında türk məhsullarının qiymətində də ucuzlaşma olmalıdır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. "Türkiyədə lirənin ucuzlaşmasının siyasi və iqtisadi səbəbləri var. Son zamanlar Türkiyənin Avropa İttifaqı ilə münasibətlərində gərginliyin olması, Aralıq Dənizində baş verən proseslər, Yunanıstan ilə problemlərin artması və digər siyasi faktorlar lirəyə təzyiq göstərir".

Ərdoğan Mərkəzi Bankın müdirini dəyişdi

Bunu iqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq CəfərliSputnik Azərbaycan-a lirənin ucuzlaşmasından danışarkən deyib.

Ekspert bildirib ki, Türkiyə iqtisadiyyatı kifayət qədər liberal iqtisadiyyatdır: "Bu cür hadisələr baş verəndə əsasən də xarici sərmayəçilər öz vəsaitini ya valyutada saxlayır, ya da ölkədən çıxarmağa çalışırlar. Bundan başqa, Mərkəzi Bankdan faizi artıracağı ilə bağlı gözləntilər var idi, yəni bu addım lirənin ucuzlaşmasının qarşısını alan faktora çevriləcəkdi. Lakin Mərkəzi Bank bu addımı atmadı. Çünki pandemiyadan sonra müxtəlif istiqamətlərdən 500 milyard lirə Türkiyə iqtisadiyyatına dəstək kimi verildi. Bu da kreditləri ucuzlaşdırdı. 3 ay bundan öncə mənzil kreditləri çox ucuzlaşdı və nəticədə mənzil satışları 10 dəfəyə yaxın artdı. Bu da lirənin dövriyyəsini artırdı, yəni lirə daha çox çap edildi və bazara daxil oldu. Bu addım həm dolların alışına yönəldi, həm də inflyasiyanın yüksəlməsinə səbəb oldu".

"İlin əvvəlindən bəri lirə dollar qarşısında 30 faiz ucuzlaşıb. Kifayət qədər ciddi dəyərdən düşmə baş verib. Bundan öncə isə 2018-ci ildə lirə dollar qarşısında 20 faizdən çox dəyərdən düşmüşdü. İndi isə 30 faizdir. Çox təəssüf ki, pandemiyaya görə Türkiyə iqtisadiyyatının yenidən qapanması gündəmə gəlib, bəzi məhdudlaşdırıcı tədbirlər (xidmət sahəsinin saat 22-yə kimi işləməsi və s.) də görülüb. Bu da lirəyə mənfi təsir göstərən prosesdir. Hələ ki, lirənin davamlı olaraq ucuzlaşmasının şahidi olacağıq", - deyə o qeyd edib.

N.Cəfərlinin sözlərinə görə, Türkiyədə bəzi sektorlar, əsasən ixracatyönümlü sektorlar lirənin ucuzlaşmasından qazanırlar:

"Məsələn, lirə ucuzlaşan zaman maşınqayırma, avtomobil sənayesi, kənd təsərrüfatı sahələri ixracdan qazanc əldə edir. Amma problem ondan ibarətdir ki, Türkiyə də idxaldan çox asılı ölkədir. Enerji daşıyıcılarının 98 faizi və s. ölkəyə idxal olunur. Bunlar valyuta ilə alınır. Lirənin dəyərdən düşməsi daxili inflyasiyanı da sürətləndirir və ilin sonunadək Türkiyədə ikirəqəmli inflyasiyanın olacağı gözlənilir".

Lirənin ucuzlaşmasının Azərbaycana təsirlərinə gəlincə ekspert deyib ki, lirə ucuzlaşdıqca Türkiyədən Azərbaycana idxal daha sərfəli hala gələcək: "Çox güman ki, lirənin ucuzlaşmasının sürətləndiyi bir dövrdə və bu ilin sonunadək Türkiyədən Azərbaycana gətirilən məhsulların həm çeşidində, həm də həcmində ciddi artım müşahidə olunacaq. Azərbaycan bazarında türk məhsullarının qiymətində də ucuzlaşma olmalıdır. Çünki manat dollar qarşısında sabitdir. Bu da Türkiyədən gətirilən məhsulların daha cəlbedici hala gəlməsinə səbəb olur. Manatın sabit olması ixraca mane olan əsas amillərdən biridir".