Füzuli rayonunun Gorazıllı kəndi yüksəklikdə, Hadrutun yaxınlığında yerləşir. Bu kənddən məcburi köçkün düşmüş Məhliqa Balıyeva deyir ki, uzun illər ermənilərlə qonşu olublar, onlardan çox ziyan görsələr də, heç kimin ağlına da gəlmirmiş ki, onlar insanları doğma yurd-yuvasından didərgin sala bilərlər.
“Səhər 4-də qaçmalı olduq. Hələ yuxudan tam ayılmamışdıq da, kimin əynində nə vardı, eləcə çıxırdı, evi-eşiyi qoyub, uşaqları xilas eləməyə çalışırdıq. Evimiz isə kəndin lap girişindəydi – gözəl bağımız, meyvələrimiz, təmiz havamız vardı. Tezliklə oraya qayıdacağıq”, - Balıyeva deyir.
Füzuli sakini atasının qonaqlarını necə qarşılamasından danışanda gözləri dolur. Deyir, qonaq gələndə qoyun kəsir, kabab bişirirdilər. Əti də dəmir şişə deyil, budaqlardan yonulmuş şişə çəkir, açıq ocaqda bişirirdilər ki, daha ləzzətli olsun.
Məhliqa xanımın oğlu Tahir Balıyev doğma kəndlərinə qayıdıb Haşkür kəhrizinin buz kimi suyundan içməyin həsrətindədir. Bakıda doğulmağına baxmayaraq, onun uşaqlığının ən gözəl illəri babası ilə nənəsinin evində keçib. Onun xalası Nüşabə Mahmudova da doğma kəndlərinə, ata yurduna dönməyi arzulayır. Deyir ki, orada milli, Qarabağ mətbəxinin təamlarını hazırlayaraq hər kəsi qonaq edəcək.
İndiki nəslə ata-ana torpağına qayıtmağın necə hiss olduğunu anlamaq bir az çətindir. Ancaq valideynlərin danışdıqları hadisələri dinlədikcə hər kəs doğma torpaqları öz gözü ilə görməyə can atır. Tahir Balıyevin qızları Füzulinin azad olunması xəbərindən sonra elə bu arzularından danışırlar, nənələri Məhliqa xanım isə onlara kəndi gəzdirəcəyinə söz verib.