Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, 2020-ci il 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə həmin ərazilərdə bir sıra istiqamətlərdə fəaliyyət dayandırılır.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru Məhəmməd Rzayevin Sputnik Azərbaycan-a bildirdiyinə görə, Lənkəranın giriş-çıxışlarında qurulan postlardan yalnız operativ nəqliyyat vasitələri, müvafiq icazə və qeydiyyatı olanlar buraxılırlar: “Bununla yanaşı, polis əməkdaşları rayonun daxilində də xidmət aparırlar. Operativ Qərargahın qərarı ilə bir sıra obyektlərin fəaliyyəti dayandırılıb. Polis əməkdaşları postlarda nəzarət həyata keçirməklə yanaşı, əhali arasında izahat-maarifləndirmə işini də davam etdirirlər”.
M.Rzayev onu da əlavə etdi ki, OQ-nin qərarına əsasən, digər şəhər və rayonlarda olduğu kimi, Lənkəranda da müəyyən dövlət müəssisələri, idarə və təşkilatlar, kənd təsərrüfatı və yükdaşıma xidmətləri, ərzaq mağazaları və apteklər istisna olmaqla digər istiqamətlərdə fəaliyyət dayandırılıb. Yeniliklərdən biri də ictimai nəqliyat vasitələrinin fəaliyyətinin 23 noyabr tarixinədək adıçəkilən şəhər və rayonlarda tamamilə dayandırılmasıdır.
"Bütün bunlarla yanaşı, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sosial məsafə və qapalı məkanlarda gigiyenik vasitələrdən istifadəyə riayət olunması ilə bağlı nəzarət tədbirləri də davam etdirilir", - M.Rzayev əlavə edib.