Donald Tramp: "Seçki Ali Məhkəmədə yekunlaşa bilər"

"Hələ çox məhkəmə prosesi olacaq. Çünki əlimizdə çoxlu dəlillər var və bu proses ölkəmizin ən yüksək məhkəməsində başa çata bilər. Bu seçkini bizdən oğurlamış ola bilərlər, buna görə də hələ çox məhkəmə iddiası qaldıracağıq!"
Sputnik

BAKI, 6 noyabr — Sputnik. ABŞ-ın hazırkı Prezidenti Donald Tramp 3 noyabr çərşənbə axşamı günü bu ölkədə keçirilən prezident seçkisi ilə bağlı Ağ Evdə mətbuat konfransı keçirib. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, konfransda Tramp seçkilərin etibarlılığını təmin etmək üçün çox səy göstərdiklərini bildirib. "Verilən səslər qanuni şəkildə sayılarsa, bu seçkiləri asanlıqla qazanaram! Qanunsuz və gec gələn səsləri də saysanız (Demokratlar) bu seçkini bizdən oğurlaya bilər. Bu məsələ ilə məşğul olacağıq", – deyə Tramp bildirib.

Florida, Ayova, İndiana və Ohayo kimi mühüm ştatlarda seçkiləri onsuz da qazandıqlarını vurğulayan Tramp "Böyük medya, pul və texnoloji şirkətlərinin müdaxiləsinə baxmayaraq biz bu qələbələri əldə etdik", – deyə bildirib.

Senatdakı yerlərin əksəriyyətini qoruduqlarını və Nümayəndələr Palatasındakı yerlərini də itirmədiklərini bildirən Trump, "Nədənsə, axırda birdən-birə səslərimizin sayı möcüzəli şəkildə aşağı düşməyə başladı", – deyib.

Nəticələrin hələ dəqiqləşmədiyini vurğulayan Tramp Arizonada da seçkiləri qazanacaqlarına inandığını bildirib: "Seçkilərin təhlükəsizliyini qoruyacağıq və korrupsiyanın bu qədər əhəmiyyətli seçkinin nəticələrini oğurlamasına icazə verməyəcəyik. Heç kimin susdurulmasına və həqiqi olmayan nəticələrin qəbul edilməsinə yol verməyəcəyik".

İllərdir ölkəsində keçirilən seçkiləri yaxından izlədiyini vurğulayan Tramp, builki seçkidə bir çox qanun pozuntusu aşkar etdiklərini bildirib.

"Bütün qanuni səslər sayılmalıdır. Aydınlıq və şəffaflıq istəyirik. Gizli səsvermə otaqları, müəmmalı şəkildə açıq bülletenlər, seçki günündən sonra verilmiş qanunsuz səsləri qəbul etmirik", - deyə ABŞ lideri qeyd edib.

Trump dürüst seçki istədiklərini və bunun Amerika xalqının mənafeyinə uyğun olacağını bildirib: "Hələ çox məhkəmə prosesi olacaq. Çünki əlimizdə çoxlu dəlillər var və bu proses ölkəmizin ən yüksək məhkəməsində başa çata bilər. Bu seçkini bizdən oğurlamış ola bilərlər, buna görə də hələ çox məhkəmə iddiası qaldıracağıq!"