CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qardaşlar cəbhədə: Qarabağın alınması onun uşaqlıq arzusu olub

"Mən bu gün övladımla necə qürur duyuramsa, bütün hərbçi valideynlərinin də o hissi yaşamasını arzu edirəm"
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. Hazırkı zamanda hamının sözü, söhbəti cəbhə mövzusuna köklənib. Rəşadətli Ordumuzun cəbhə boyu apardığı uğurlu əməliyyatlar həmvətənlərimiz arasında coşğuyla qarşılanır. Müdafiə Nazirliyi bu əməliyyatların uğurlu olmasında əsas pay sahibləri olan hərbçilərimiz barədə mütəmadi olaraq məlumat verir. Son belə məlumatlardan birində ermənilərin müşahidə məntəqələrini və texnikalarını məhv edən əsgərlərimiz haqqında məlumat yayıldı.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, onlardan biri Qazax rayonunun Hüseynbəyli kəndindən olan hərbçimiz Elvin Mədətovdur. Müdafiə Nazirliyinin məlumatına görə, Elvin silahdaşları Hünər və Rüfətlə birgə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənin 7 tankını, 1 PDM-ni, 1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib. Bu xəbəri eşidənlər arasında ən çox sevinənlər, təbii ki, hərbçilərin valideynləri olublar.

Qardaşlar cəbhədə: Qarabağın alınması onun uşaqlıq arzusu olub

Bu haqda danışan Elvinin atası, I Qarabağ müharibəsinin iştirakçısı Şərif Mədətov xəbəri eşidəndə sevincinin yerə-göyə sığmadığını söyləyib: "İlk dəfə televiziyada eşitdik. Elvinin şəklini görəndə keçirdiyim sevinci sözlə izah edə bilmərəm. Ardınca gələn zənglər, təbriklər bizi göylərə qaldırdı. Mən əmin idim ki, Elvin bu müharibədə qəhrəmanlıq göstərəcək. Qarabağın alınması onun uşaqlıq arzusu olub. Bu səbəbdən də əsgərlikdən tərxis olan kimi müqavilə ilə orduda xidmətə başladı. Həmişə deyirdi, "nə olardı, müharibə başlayardı, torpaqlarımızı alardıq”, - deyə Elvin haqda danışıb.

Qardaşlar cəbhədə: Qarabağın alınması onun uşaqlıq arzusu olub

Elvinin anası Zülfiyyə Mədətova da oğlunun igidliyi ilə fəxr etdiyini söyləyib:

“Bu müharibədə nəinki mənim oğlum, bütün Azərbaycan əsgərləri igidlik göstərirlər. Mən bu gün övladımla necə qürur duyuramsa, bütün hərbçi valideynlərinin də o hissi yaşamasını arzu edirəm. Hər biri sağ-salamat qələbəylə evlərinə dönsünlər”, - deyə o bildirib.

Söhbət zamanı məlum oldu ki, Elvinin böyük qardaşı İlkin də müharibə başlayandan könüllü ordu sıralarına yazılıb. İndi o da qardaşı qədər, bəlkə də ondan da çox düşmən başı əzir.

Elvinin bacısı Mədinə Mədətova da hər ikisi cəbhədə igidlik göstərən qardaşları ilə fəxr etdiyini söyləyib:

“Qürur hissi keçirirəm. Allah onların canlarını sağlam etsin. Mən qardaşlarımın hərbçi olduqlarına görə hər ikisi ilə fəxr edirəm“.

İki övladı da Vətən müharibəsində iştirak edən Mədətovlar ailəsinin indi bir arzusu var. Qarabağın bütün ərazilərinin işğalçılardan azad edilməsi və övladlarının qələbə ilə evə dönməsi.

Qardaşlar cəbhədə: Qarabağın alınması onun uşaqlıq arzusu olub

Qeyd edək ki, Müdafiə Nazirliyi əsgər Hünər Məmmədov və onun silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni, 1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv etdiklərini bildirmişdi. Qələbələrin bol olsun, Azərbaycan Əsgəri!