Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 4 noyabr — Sputnik. Noyabrın 2-dən etibarən respublika ərazisində distant təhsilə start verilsə də, ilk gündən etibarən məsafədən təhsildə yenidən problemlər yaranıb. Belə ki, bu dəfə şagirdlər yox, müəllimlərin Virtual Məktəbə girişində problemlər yaranıb.
Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında iki övladı təhsil alan valideyn İradə Cəlilova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, noyabrın 2-də hər iki övladı Virtual Məktəbdə ancaq bir dərs keçə bilib. Səbəb isə müəlllimlərin Virtual Məktəbə daxil olmamasıdır. Valideyn bildirir ki, uşaqlarının biri 6-cı, digəri 7-ci sinifdə oxuyur. Övladı Xətai rayonundakı məktəblərdən birində oxuyan valideynlər də müəllimlərin əksəriyyətinin Virtual Məktəbə daxil ola bilməməsi səbəbindən bir neçə dərsin boş keçdiyini söyləyirlər. Başqa məktəblərdə də əksər siniflər üzrə müəllimlər Virtual Məktəbə daxil ola bilmirlər.
İki günün təcrübəsi göstərir ki, Virtual Məktəb üzərindən dərslərin keçirilməsində bu dəfə şagirdlər yox, müəllimlər passivlik nümayiş etdirirlər. Sputnik Azərbaycan bəzi məktəblərdə müəllimlərin Virtual Məktəb üzərindən dərslərdə iştirak etməməsinin səbəbini araşdırıb. Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bunun bir neçə səbəbi olduğunu söyləyib. O bildirib ki, şagirdlərlə yanaşı, müəllimlərin də Virtual Məktəbə daxil ola bilməməsinin bir səbəbi internetin olmamasıdır: "Bu, səbəblərdən biridir. Eyni zamanda kompüteri olmadığından Virtual Məktəbə daxil ola bilməyən müəllimlər də var. Amma bunlarla yanaşı, müəllimlər tərəfindən sui-istifadə hallarına da yol verilir. Müəllimlər Virtual Məktəbdə dərslərin keçirilməsinə nəzarətin olmamasından, hesabatın tələb edilməməsindən sui-istifadə edirlər. Müəllimlərin əmək haqqı verilsə də, onların arasında virtual dərslərin keçirilməsinə nəzarətin olmamasından istifadə edənlər də var. Buna görə bəzi müəllimlər Virtual Məktəbə daxil olmadıqda müxtəlif bəhanələr gətirirlər".
K.Əsədov bildirir ki, ibtidai sinif və riyaziyyat, ana dili, fizika və kimya kimi fənləri tədris edən müəllimlərin onlayn dərs keçməsi vacibdir: "Müəllimlər dərslərə daxil olmadıqlarından valideynlər çıxış yolunu bir sıra fənlər üzrə repetitora müraciət etməkdə görürlər".
Ekspert deyir ki, bu gün məktəblər interneti olmayan, kompüteri olmayan müəllimlərə məktəbdən dərs keçmək imkanı yarada bilər: "Artıq bəzi ali təhsil müəsssisələri bu üsula müraciət edib. Hansı müəllimin evində internet, kompüter yoxdursa, ona məktəbin resurslarından istifadə edərək virtual dərs keçmək imkanı yaradılıb. Orta məktəblərdə də direktorlar bu üsulla interneti və kompüteri olmayan müəllimlərə məktəbdən dərs keçməyə şərait yarada bilərlər".
K.Əsədovun sözlərinə görə, Təhsil Nazirliyi bu məsələyə nəzarəti gücləndirməlidir. Virtual Məktəbə qoşulmayan müəllimlərin problemi araşdırılmalı, bunun obyektiv və subyektiv amilləri barədə ölçü götürülməlidir.
Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, Virtual Məktəbə müəllimlərin qoşulmasına məktəb direktorları nəzarət edirlər. Məktəb direktorları dərslərə qoşulan müəllimlərlə bağlı qeydlər aparır, hansı müəllim onlayn dərs keçmirsə, bununla bağlı məlumatları nazirliyə hesabat şəklində təqdim edirlər.