CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülük məktəblərinin yeni qeydiyyat qaydası müəyyən edilib

Bundan öncə Avtomotonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri DİN BDYPİ-də Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alınıb
Sputnik

BAKI, 4 noyabr — Sputnik. Avtomotonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən alınmış məlumata əsasən uçota alınmalıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Kollegiyasının "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat"da etdiyi dəyişiklikdə əksini tapıb.

Tədris qruplarında təhsil alanların sayı 10-30 nəfər olmalı və məşğələlərin başlanmasından keçən 15 gün ərzində hər bir tədris qrupu ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış məntəqələrində qeydiyyata alınmalıdır. Hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinə göndərilməlidir.

Qərar oktyabrın 30-dan qüvvəyə minib.

Qeyd edək ki, bundan öncə Avtomotonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alınıb. Beləliklə, bu sahədə səlahiyyət ləğv edilmiş Vergilər Nazirliyinin əsasında yaradılmış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilib.