CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Rebus" teatrından möhtəşəm tamaşa - "Daban yalayan"

"Tamaşadan bəlli olur ki, kim kimə öz yanında yer verib, kim ona veriləni özününkü sayıb özünə götürüb, kim qadınların arxasında gizlənib döyüşə qadınları göndərir".
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, "Rebus" teatrının yaradıcısı və rəhbəri, aktyor və rejissor Ceyhun Dadaşov "Daban yalayan" adlı mim tamaşa hazırlayıb. Rejissor tamaşanın yaranması ilə bağlı Sputnik Azərbaycan-a danışıb: "Bu, sırf video üçün nəzərdə tutulmuş tamaşadır. Son günlər Ali Baş Komandan İlham Əliyevin ünvanlı çıxışları dillər əzbəri oldu. Cənab prezidentin "təlxək", "düşük", "iti qovan", "daban yalayan" və s. ayamaları (bir adama el tərəfindən verilən ləqəb – red.) bizim də diqqətimizi çəkdi. Tamaşanın yaranmağında səbəb də elə bu çıxışlar oldu".

Rejissor deyir ki, "bu sözləri eşidəndə maraqlı fikir yarandı, dedik, niyə də bunu hazırlamayaq?": "Uzun müddət Pantomim teatrında mənimlə çiyin-çiyinə çalışan Elnur İsmayılov, Əli Əlizadə və mən bu tamaşanı qurmağı qərara aldıq. Bu stilistikanı, hansısa sözü, hansısa fikri hərəkətə çevirmək, ona can vermək stilistikası bizə çox yaxındır. Əslində, bir az da keçmiş "maski şou"lar (maska şousu) var idi, onların stilistikasından bəhrələndik. Çalışdıq ki, bu nüansı göstərək".

Teatr həvəskarlarına şad xəbər verildi

C.Dadaşov vurğulayır ki, "Daban yalayan" əslində ilk baxışdan komik, gülməli, şən musiqi altında mimlərin yaşadığı həyat tərzi kimi görünsə də, dəqiq baxanda burada bizim problemimizi görürük:

"Ad çəkməsək də bəlli olur ki, kimdən gedir söhbət. Fikir versəniz, görərsiniz ki, biz videoda qətiyyən heç bir işarə verməmişik. Orada heç bir işarə verilməyib ki, bu azərbaycanlıdır, ermənidir və s. Yalnız sonda Azərbaycan bayrağını vermişik, bu da ona görədir ki, bəlli olsun ki, müəllif hüququ kimə aiddir. Tamaşanın əvvəlində "Heel licker" var, o da hərfi tərcümədə "daban yalayan" deməkdir".

"Tamaşadan bəlli olur ki, kim kimə öz yanında yer verib, kim ona veriləni özününkü sayıb özünə götürüb, kim qadınların arxasında gizlənib döyüşə qadınları göndərir, kim ağ bayraq qaldırıb yenidən atəş açır, kim əsgərlə bacarmayanda qadın və uşağın üstünə hücum edir və s. Bunları göstərməyimiz bəs edir. Kimə ünvanladığımız bəlli olur. Bu, teatrın elə bir formasıdır ki, burada sözə ehtiyac yoxdur. Sözsüz bunu bütün dünyaya göstərmək olar və hamı başa düşəcək ki, tamaşa nədən bəhs edir", - deyə rejissor əlavə edib.

Teatr və IT: Virtual məşq edirlər

Ceyhun Dadaşov bildirir ki, tamaşa Azərbaycan Dövlət Uşaq Filarmoniyasında (ADUF) lentə alınıb: "Biz çəkilişdə göstərdiyi köməyə görə ADUF-nun rəhbəri Dilarə Əliyevaya minnətdarlığımızı bildiririk. Ona dedim ki, bizim belə bir planımız var. Amma təəssüf ki, məkanımız yoxdur. O da bizə şərait yaratdı. Pandemiya qaydalarına əməl edərək çəkilişimizi reallaşdırdıq. Müstəqil "Rebus" teatrı olaraq biz də bu cür dəstək olmağa çalışırıq. Elnur İsmayılov, Əli Əlizadədən başqa, Natəvan Abbaslı, Rasimə Abbasova da tamaşada rol alıblar".